“Bəzi futbolçularımızın oyunu məyus etdi” – MÜSAHİBƏ
27.10.2012 - 13:47
“Bəzi futbolçularımızın oyunu məyus etdi” – MÜSAHİBƏ
Azərbaycan milli komandasının məşqçisi Nazim Süleymanovun apasport.az saytının Kazana ezam olunmuş əməkdaşına müsahibəsi

- “Neftçi”nin Avroliqada Kiprdə APOEL-lə oyunundan sonra “Rubin”lə Rusiyadakı matçını izləməyə yollandınız. Budəfəki matç sizdə hansı təəssürat oyatdı?
- “Rubin” güclü komandadır. Bundan da başqa səfərdə oynayırdıq. Buna baxmayaraq, hücum futbolu oynadıq. Düzdür, hücumlarımız az oldu. Bəzi yerli futbolçuların oyunu məyus etdi, bəziləri isə pis təsir bağışlamadı.

- Hansı futbolçular məyus etdi, hansılardan razı qaldınız?
- Məyusluq o mənada ki, Mirhüseyn Seyidov oyuna girə bilmədi və buna görə əvəzləndi. Onun yerinə çıxan Araz Abdullayev meydançaya pis çıxmadı, oyuna girə bildi və nəticədə oyun dəyişdi. Onun iştirakı ilə çox gözəl qol epizodu da yarandı. Bunu da qeyd etmək lazımdır.

- Tərlan Quliyev 90 dəqiqə oynadı. Onun, Seyidovun, Abdullayevin gənclər yığmasına başa vuraraq, millimizə cəlb olunmaq perspektivini necə görürsünüz?
- Onlar demək olar hamısı milli komandanın üzvüdürlər. Sadəcə, mütəmadi olaraq əsas heyətdə çıxıb, özlərini yaxşı tərəfdən göstərməlidirlər. Əlbəttə, biz onların hamısını yığmamızın baş məşqçisinə məlumatlandırırıq.

- Bundan az öncə Rusiyaya millimizin məşqçisi kimi səfər etmişdiniz. Yığmamızın və “Neftçi”nin bu ölkədəki matçlarında oxşar və fərqi nədə görürsünüz? Niyə səfərdə yaxşı oynaya bilmirik?
- Əlbəttə, evdə azarkeş amili var ki, bu, kömək edir. Millimiz də Rusiya ilə oyuna pis başlamadı. Sadəcə, rəqib sənə qədər imkan verirsə, o qədər oynayırsan. Düzdür, bizim qol epizodlarımız olur. Bundan əlavə, ustalıq səviyyən yüksək olmalıdır ki, bir qol epizodun istifadə edəsən.

- Sizcə, soyuq hava futbolçularımızın oyununa nə dərəcədə təsir edir?
- Belə götürsək, deyərik ki, hava şəraiti, meydança, hakimlər, jurnalistlər təsir göstərir. Futbolçu yaşıl meydana çıxırsa, onun üçün bir amil var: rəqib və onu udmaq lazımdır.

- Siz karyeranızın ən yaxşı illərini Rusiyada keçirmisiniz, məşqçiliyə bu ölkədə başlamısınız. Orada özünüzə qarşı diqqəti hiss etdinizmi?
- Əlbəttə. Mənə çoxlu zənglər gəldi. Bilirsiniz ki, qəzetlərdə müsahibələrim çıxdı. Məni Rusiyada nə qədər də olsa xatırlayırlar.

- “Neftçi” Avroliqada qarşıdakı 3 oyunda nəyə ümid edə bilər?
- “İnter”lə “Rubin”in 7, bizim isə “Partizan”la birgə 1 xalımız var. Qrupumuzda potensial liderlər Milan və Kazan təmsilçiləridir. Ancaq geriyə qayıtsaq, deyə bilərik ki, “Neftçi” bu il tarix yazdı. Bu da avrokuboklarda qrup mərhələsinə düşən ilk komandamız olmağı ilə bağlıdır. “Neftçi”nin qrupa düşməyi hamımızı sevindirdi, buna görə indi də sevinirik. Üç oyun qalıb və bu matçlarda bacardığımız çox xal yığmaq lazımdır ki, Azərbaycan futbolunun reytinqinə xal gəlsin.

- Gələn ay millimizi də növbəti sınaq gözləyir. Qonağı olacağımız Şimali İrlandiya yığmasının Portuqaliya ilə səfər matçda xalla qayıtmağı narahatçılığa əsas verirmi?
- Həmin günün futbolu gələn ayınkına oxşamır, oxşaya da bilməz. Belə götürəndə, bir oyun o birinə bənzəmir. Zaman fərqi var. Bir də ki hava şəraitini nəzərə almaq lazımdır. Bilirik ki, Şimali İrlandiyada daha da soyuq olacaq, rəqib hava ötürmələri ilə oyunlara üstünlük verir. Buna görə də onlarla yerlə ötürmələrlə oynamaq, topu yerdə saxlamaq lazımdır. Onu hündürə qaldırmaq lazım deyil.

- Üstəlik, heyətdə problemlərimiz var. Əsas qapıçımız Kamran Ağayev cəza üzündən oynamayacaq. Rusiya ilə oyunu zədə üzündən buraxan kapitan Rəşad Sadıqov hələ də sağalmadığından, Şimali İrlandiya ilə matçı da buraxa bilər...
- Əlbəttə, biz Rəşadın vəziyyətini mütləq diqqətdə saxlayırıq. O, komandanın həm kapitanı, həm də lideridir. İnşallah, vəziyyəti yaxşı olar və Sadıqovun növbəti oyuna hazır olacağına ümid edirik.

Mehman SÜLEYMANOV