Radomir Todorov: Günah tək Yunis Hüseynovda deyil - MÜSAHİBƏ
02.11.2012 - 15:38
Radomir Todorov: Günah tək Yunis Hüseynovda deyil - MÜSAHİBƏ
“Xəzər Lənkəran”ın bolqarıstanlı futbolçusu Radomir Todorovun apasport.az saytına müsahibəsi

- İkinci dövrənin startına necə hazırlaşırsınız?
- Normal. Peşəkar futbolçu kimi öz işimizi görürük.

- Noyabrın 4-də qarşılaşacağınız “Rəvan”la ev oyunu haqda nə düşünürsünüz?
- Turnir cədvəlində vəziyyətimiz elədir ki, 100 faiz qalib gəlib, hesabımıza 3 xal yazmalıyıq. Çünki “altılığ”a 12 oyun qalıb və xallarımızı artırmalıyıq. Bizim 1 oyunumuz azdır, “Bakı” ilə təxirə salınmış matçımız qalıb. Ancaq bu, bizi arxayınlaşdırmamalıdır.

- Maraqlıdır ki, “Xəzər Lənkəran” “Rəvan”la keçirdiyi hər 3 oyunda bərabərliyə qalıb...
- Məşqçilər taktiki cəhətdən necə oynamalı olduğumuzu bizə deyəcək. Məni yalnız bu maraqlandırır.

- Yeri gəlmişkən, baş məşqçi postundakı istefa barədə fikirlərinizi bilmək maraqlı olardı. Hər halda, “Xəzər Lənkəran”da uzun müddətdir oynayan legionersiz...
- Əlbəttə, baş məşqçi gedəndə həmişə çətin olur. Çünki onunla birgə işləməyə öyrəşmişik. Düşünmürəm ki, indi nəsə dəyişəcək. O mənada ki, biz bacardığımız kimi oynamaqda davam edəcəyik. Əvvəlki kimi meydanda intizamımızı göstərəcəyik, məşqçilərin taktiki göstərişlərini həyata keçirəcəyik. İndi çətin vəziyyətdir, ancaq bundan çıxmalıyıq.

- Buna necə nail ola bilərsiniz?
- Yalnız qələbə qazanmaqla. Futbolçularla bir yerə toplaşıb, növbəti matçda qalib gəlməli və bunu davam etdirməliyik. Belə vəziyyətlərdə pis nəticələri yaddan çıxarmalı və növbəti matçda yeganə məqsəd meydana çıxıb, qalib gəlmək olmalıdır. Başqa yol yoxdur.

- İstefaya göndərilən baş məşqçi Yunis Hüseynovun işini necə dəyərləndirərdiniz?
- Onun əla məşqçi olduğunu düşünürəm. Əla münasibətlərimiz vardı. Sadəcə, pis nəticələr alındı. Ancaq mən yalnız Yunis Hüseynovun günahı olduğunu düşünmürəm. Məncə, bizim, yəni futbolçuların da bunda günahı var. Bütün günahı Hüseynovun üzərinə atmaq lazım deyil. O, yaxşı məşqçi olmaqla, yaxşı insandır və ona uğurlar arzulayıram.

- Komanda müvəqqəti Emin Quliyevə tapşırılıb. Vaxtilə “Xəzər Lənkəran”da birgə oynadığınız Quliyevin təyinatını necə qarşıladınız?
- Onu hörmətlə qəbul edirəm. Quliyevlə birgə oynadığımız vaxtda meydanda necə hörmət etmişdimsə, indi də elə. Azərbaycanda ən yaxşı futbolçulardan biri olub.

- Yeni baş məşqçiyə öyrəşmək üçün vaxt lazım olacaq. Bu, sizə mövsümün gedişində çətinlik yaratmayacaq? Ümumiyyətlə, sizcə, komandanın yeni çalışdırıcısı əcnəbi, yoxsa yerli olmalıdır?
- Bunu rəhbərlik həll etməlidir. Bizim işimiz verilən tapşırıqları meydanda həyata keçirməkdir. Yaxşı səviyyədə məşq edib, oynayıb, intizamı göstərməliyik.

- “Qəbələ” ilə 1:1 hesabıyla yekunlaşan oyunda müdafiədə səhvlərə yol verdiniz. Öz çıxışınızı necə dəyərləndirərdiniz?
- Düşünürəm ki, “Simurq”la matç istisna olmaqla, digərlərində yaxşı oynadıq. Sadəcə, bir neçə səhvimiz qələbə qazanmağa imkan vermədi. Bunlar fərdi səhvlər idi. Komanda şəklində isə yaxşı oynayıb, çoxlu qol vəziyyətləri yaratdığımızı düşünürəm. Ancaq bundan lazımınca istifadə edə bilmirik ki, bunun da yoluna qoyulacağını fikirləşirəm.

- Son turlar müdafiənin mərkəzində oynadınız. Halbuki, sizi sol müdafiəçi kimi görməyə adət etmişik. Başqa mövqedə çıxış edəndə özünüzü necə hiss edirsiniz?
- Sadəcə, elə alındı ki, müdafiənin mərkəzində çıxış edən Elnur Allahverdiyev 6 oyunluq cəzalandı. Ruslan Abışovun da zədə ilə bağlı problemi vardı. Buna görə də müdafiənin mərkəzində oynamağımız lazım gəldi. Ancaq bu, məni narahat etmir və həmin mövqedə də oynaya bilərəm. Əlbəttə, özümü müdafiənin sol cinahında daha yaxşı hiss edirəm. Ancaq lazım gələcəksə, mərkəzdə, ümumiyyətlə, məşqçi harada deyəcək, orda da oynayacağam.

- Cari mövsümdə müdafiənin sol cinahına gətirilən braziliyalı Vanderson Skardulelli ilə rəqabətdən çəkinmirsiniz?
- Yox. Rəqabət həmişə komanda üçün yaxşıdır. Əgər rəqabət olacaqsa, bu, komanda üçün yaxşıdır və onun səviyyəsi daim qalxacaq.

- Komandanızın 1 oyunu ehtiyatda olsa da, ilk dövrəni 8-ci pillədə başa vurdu. Bu nəticəyə necə qiymət verib, bundan sonra nəyə iddia edə biləcəyimizi düşünürsünüz?
- Əlbəttə, bu, bizim üçün arzuolunmaz yerdir. Ümumiyyətlə, yadıma gəlmir ki, “Xəzər Lənkəran” nə vaxt bu yerdə olub. Sözsüz ki, turnir cədvəlində 8-ci pillədə yer almağımızdan razı deyilik. Ancaq düşünürəm ki, çempionat yeni başlayıb, hələ ilk dövrə bitib və qabağa baxmaq lazımdır. Qarşıda çox oyunlar var və bu matçlarda qalib gəlsək, turnir cədvəlində tez yuxarı qalxacağıq.

Mehman SÜLEYMANOV