Takoy futbol nam ne nujen!
15.11.2012 - 12:10
Takoy futbol nam ne nujen!
Şimaldan, konkret Şimali İrlandiyadan 1 xalla qayıtdıq. Əgər köhnə dövrlərdə olduğu kimi artırma dəqiqələri olmasaydı, 3 xal indi Foqtsun cibini deşirdi, yəqin.

Amma 90 dəqiqənin bitməsini gözləyən bir yığma üçün… hər şey elə belə də bitməliydi.

Təsəvvür edin, meydanda olan 11 futbolçu futbolun qızıl qaydalarından birini hələ də mənimsəyə bilməyib; qardaşım, futbolda həm də hücum edirlər. Daha gözü qıpıq şəkildə geri çəkilib qala qurmurlar. Adama elə gəlirdi ki, millimiz hücuma keçib ikinci qolu vurmağa sanki qorxur. Və ən pisi odur ki, bu qorxu hissi hər oyunda daha çox özünü göstərir. Portuqaliya ilə də belə oldu, Rusiya ilə də. Son oyunda isə yenə qorxu öz sözünü dedi: irlandlar uzatma dəqiqəsində cərimə zərbəsi vurmaq haqqı qazandı, canlı səddimiz isə qorxudan, hə, məhz qorxudan pərən-pərən dağıldı. Ara yerdə yazıq Səlahətin siftəsini korladılar.

Bu qədər ötürmə səhvi, bu qədər taktiki səhvləri nəinki futboldan azca başı çıxan, hətta AZTV-nin oyunu şərh edən şərhçisinin də görə bilirdi (Yeri gəlmişkən, bizim şərhçi oyuna baxmağa ciddi şəkildə mane olurdu).

Bütün qüvvə ilə geri çəkilmək Foqtsun taktikasıdırmı, ya oyunçular yığışıb belə qərar verirlər bu da aydın deyil. Bax, burası aydındır: bunu Foqts özü də etiraf edir, bizimkilər ancaq 60 dəqiqə oynaya bilirlər. Qalan yarım saatı isə bizim yerimizə həmişə rəqib oynayır. Meydanda bir qapı, bir qapıçı görünür. Vaxtı öldürməyə çalışan futbolçularımız nə qədər çaba göstərsələr də... bu lənətə gəlmiş dəqiqənin uzunluğu 60 saniyədən aşağı düşmür ki, düşmür.

Mən başa düşürəm, hamı, “Barselona”sı da, tutaq ki, İspaniya yığması da səhv buraxır. Amma səhv buraxır, daha bizimkilər kimi ümumiyyətlə səhv futbol oynamır. Adama elə gəlir ki, bizimkilər səhvi də düz-əməlli edə bilmirlər. Adama elə gəlir ki, məsələn, Əli Gökdəmir millimizdə futbol oynamağa yox, sadəcə “qardaşlıq borcunu” yerinə yetirməyə gəlib. Cavid Hüsenyovla Maksim Medvedev isə futboldan başqa nə desəz, oynadı. Cihan Özkara isə Belfasta niyə görə getdiyini yəqin özü də bilmirdi.

Allah eləməmiş, guya bunların hamısı da peşəkar futbolçulardır. Həqiqətən də Azərbaycanda peşəkar futbol var (əməkhaqqına görə), oyun isə həvəskardır, hətta ən betərindən.

Müasir dünyada futbol bir nömrəli idman növü olmaqla yanaşı, həm də bir tamaşadır. 20, 30, 40 avro, dollar, lap elə manat verib stadiona gələn azarkeş həm də maraqlı tamaşaya baxmaq həsrəti ilə bilet alır. Bəli, futbol həm də tamaşadır, əyləncədir, istirahətdir. Bunlar camaatın istirahət hüququnu da pozurlar. Biz öyrəncəliyik, o zavallı irlandlara yazığınız gəlmədi, bəs?

Sonda, pis məşqçiyə həmişə bəhanə olur; ya hakim, ya zədəlilər problemi, ya da hava. Oyundan öncə Foqtsa mane olacaq bir zədəli futbolçular idi. Hava da yerində idi, hakimlik də normal.

Əlbəttə, yığma Belfasta zədəli oyunçu problemi ilə getmişdi və bu problem qələbə üçün yetərli deyildi. Amma Şimali İrlandiya ilə oynamaq olardı, meydana qələbə üçün çıxmaq olardı. Yığma isə sanki 90 dəqiqəlik bir öhdəlik götürmüşdü, onu da pis, yaxşı yerinə yetirdi.

Rəhmətlik Ozerovun bu sözləri yadınızdadırmı? “Takoy futbol nam ne nujen”.

Bəs onda kimə lazımdır?

Səbuhi MƏMMƏDLİ