“Beynim silkələndiyi üçün güləşdən futbola keçdim” – MÜSAHİBƏ
18.11.2012 - 13:30
“Beynim silkələndiyi üçün güləşdən futbola keçdim” –  MÜSAHİBƏ
Azərbaycan millisinin debütantı, “Simurq”un kapitanı Rasim Ramaldanov apasport.az saytının Belfasta ezam olunmuş əməkdaşına müsahibə verib. Müdafiəçi ilk olaraq 2014-cü il dünya çempionatının seçmə mərhələsində Şimali İrlandiya yığması ilə 1:1 hesabı ilə nəticələnən səfər matçı haqda fikirlərini bildirib.

- Deyərdim ki, çox güclü rəqiblə oynadıq və ağır oldu. Futbolçularımız tam olaraq bütün güclərini meydanda qoydular. Əlimizdən gələni etdik və 1 xalı qazandıq.

- Debütünüzü uğurlu sayırsınız?
- Məncə, normal oynadım.

- Mövqeyinizin fərqli olmağı oyununuza necə təsir etdi? Hər halda, meydanda soyuqqanlı idiniz...
- Düzdür, mənə müdafiənin mərkəzində rahat oynayıram, nəinki dayaq yarımmüdafiəçisi kimi. Ancaq yenə çıxıb bacardığım qədər özümü göstərdim.

- Çətin hava şəraitində oynayırsınız, rəqib durmadan hücum edirdi. Buna necə dözürdünüz?
- Həqiqətən də adam bir az təzyiq altında idi. Rəqib çox təzyiq edirdi, hər dəfə hücumların qarşısını almalı olurdun. Ancaq Allaha şükür ki, zəhmətimiz nəticə verdi.

- Zədələnərək, oyunu davam etdirə bilmədiyinizdən əvəzlədiniz. Vəziyyətiniz necədir?
- Hələ ilk hissənin sonunda imkanım olanda, mən də tullandım ki, zərbə vuraram. Orda ayağım zədələndi. Dedim ki, bir az oynayaram, dözərəm. Sonra gördüm ki, yox, ağrılar çoxalıb. Dedim ki, tam gücümü verə bilməyəcəyəmsə, ondansa vaxtında əvəzlənim, komandaya faydalı olsun.

- Sizin yerinizə çıxan Elhad Nəziri qayda pozuntusu verməyi nəticəsində qapımıza təyin edilən cərimə zərbəsi qolla nəticələndi. Bəlkə o zədəni almayardınız?
- Bu, futboldur, hər şey ola bilər. Mən komanda yoldaşımı qınamıram.

- Yəqin ki, bu oyundan sonra sizi mütəmadi yığmada görəcəyik...
- Bunu bilmirəm. İnşallah, bu, baş məşqçidən asılıdır.

- Berti Foqts oyundan sonra sizə nə dedi?
- Oyundan sonra əlimi sıxaraq, minnətdarlıq etdi. Dedi ki, yaxşı oynadın.

- Foqtsun hələ oyundan öncə keçirilən mətbuat konfransında sizin futbola güləşdən gəlməyinizlə bağlı fikirləriniz britaniyalı jurnalistlərdə gülüşlə qarşıladı. Bu, sizdə necə reaksiya doğurdu?
- Mən bunu normal qarşıladım. Yəqin ki, bu, onlara gülməli gəldiyindən, belə ediblər.

- Ümumiyyətlə, 2 müxtəlif idman növündə peşəkar məşğul olmağı necə bacarmısınız?
- Mən həqiqətən peşəkar güləşlə məşğul olurdum. Bu, 7-8 il olub. Sərbəst güləş növündə çıxış edirdim. Yaxşı nəticələrim də vardı. Mən bu idman növünə uşaqlıqdan getmişəm, çəkilərin çoxunda olmuşam. Sonradan güləşi atmalı oldum.

- Niyə?
- Başından aldığım zədəyə görə. Bundan artıq 6-7 il keçib.

- Həmin hadisə necə olmuşdu?
- Məhəllədən dəmirdən yıxıldığım zamanı beynim silkələnmişdi. Bir il sonra güləşə qayıtdım. Gördüm ki, əvvəl yıxdığım uşaqlara uduzuram. Buna görə buraxdım. 3-4 dəfə Bakı çempionu, respublika mükafatçısı olmuşam.

- Futbola gəlişiniz necə oldu?
- Dostum dedi ki, gedək “İnter”də baxışa. O, Davud Kərimovdur, indi futbol oynamır. Əslində, həmin komanda “Göyçə” idi, 2 dövrə oynadıqdan sonra dağıldı. “İnter”i onu himayəyə götürərək, ikinci komandası etdi. “Göyçə”ni çalışdıran Asim İbrahimov ilk baş məşqçim olub.

- Hansı tanınmış güləşçilərlə bir çıxış etmisiniz?
- Namiq Sevdimovla bir vaxtda güləşmişik. Uşaqlıqdan futbola da həvəsim çox idi. Sadəcə, evdən güləşə getməyimi məsləhət bildilər.

- Artıq milliyə cəlb olunaraq, tanınırsınız. Özünüzü necə hiss edirsiniz?
- Allaha şükür edirəm. Əziyyət çəkirəm, bunun də bəhrəsini görürəm.

- Sizin yığmaya çağırılmağınızda mətbuatın rolu böyük oldu. Belə ki, Foqtsa Ramaldanova baxmaq tövsiyə olunurdu...
- Sağ olun. Sizləri də alqışlayıb, minnətdarlığımı bildirirəm. Əlbəttə, “Simurq”un cari mövsümdə uğurlu çıxışının da milliyə dəvət olunmağında rolu oldu. Uzun müddət 1-ci yerdə gedirdik, indi də liderlər qrupundayıq. Ola bilər ki, buna görə gözə çarpıldım və dəvət olundum.

- Güləşlə məşğul olduğunuzdan, çox futbolçular sizinlə insidentə girişməkdən çəkinərlər...
- Güləş ayrı, futbol ayrı. Orda da özümü sakit aparmışam. Heç nədən dava eləmərəm. Bu mövsümdə “Turan”la oyunda aldığım qırmızı vərəqə oyun epizodu idi. Rəqib təkbətək çıxırdı və oyunçunu itələdiyimə görə son ümid qırmızı aldım. Bu, 2-ci qırmızı vərəqəm idi. Keçən mövsüm də 2 sarı vərəqəyə görə meydandan çıxarılmışdım.

Mehman SÜLEYMANOV