“Sxadadze ilə aramızda hansısa narazılıq olmayıb” - MÜSAHİBƏ
19.11.2012 - 11:39
“Sxadadze ilə aramızda hansısa narazılıq olmayıb” - MÜSAHİBƏ
“İnter” klubunun yarımmüdafiəçisi Samir Zərgərovun apasport.az saytına müsahibəsi

- “Turan”la görüşdə qələbə qazanaraq, vahid lider oldunuz. Oyunla bağlı nə deyə bilərsiz?
- Doğrudan da, bu qələbə bizə vacib idi. Bilirdik ki, xal itirəcəyimiz təqdirdə rəqiblər aradakı fərqi azalda bilər. “Simurq”un xal itirməsi bizim vahid liderə çevrilməyimizə səbəb oldu. Oyuna gəlincə, onu deyə bilərəm ki, “Turan” çox yaxşı komandadır. Bizimlə ilk dövrədəki matçda asan rəqib olmadıqlarını isbat etmişdilər.

- Bu mövsüm ilk dəfə start heyətdə meydana çıxdız. Maraqlıdır ki, elə ilk dəqiqələrdə də qol vurmağı bacardız...
- Bəli, ilk dəfə start “11-lik”də yer alırdım və ilk dəfə 90 dəqiqə oynadım. Sevinirəm ki, bu qolumla komandamın qələbə qazanmasına yardımçı oldum. “Turan”a vurduğum qol cari çempionatda “siftəm” idi. İnşallah, bundan sonra da özümü yaxşı tərəfdən göstərməyə çalışacam.

- Arafat Cako və Haynts Barmettler sizinlə birgə əvəzedici komandaya göndərildi. Ancaq onlardan fərqli, sonradan siz əsas komandaya qaytarıldınız. Hər iki legionerin isə qışda komandanı tərk edəcəyi gözlənilir. Maraqlıdır, sizin də qışda “İnter”dən getmək variantınız vardı?
- Bildiyiniz kimi, mənim bu klubla müqaviləm mövsümün sonuna kimi nəzərdə tutulub. Bu səbəbdən getməyimdən söhbət gedə bilməzdi. Kaxaber Sxadadze məni əvəzedici komandaya formaya düşməyim üçün göndərmişdi. 4 oyunda 4 qol vurdum. Bu üzdən yenidən əsas komandaya qaytarıldım.

- Ötən mövsüm “İnter”in əsas heyət üzvlərindən biri idiz. Hətta yığmanın düşərgəsinə də dəvət olunurdunuz. Ancaq bu mövsüm sizin üçün hər şey fərqlidir. Hələ avrokubok oyunları zamanı göründü ki, Sxadadze sizə şans vermək istəmir. Baş məşqçi ilə aranızda hər hansı bir problem yox idi ki?
- Yox, çalışdırıcı ilə aramda hər hansı bir narazılıq olmayıb. Sadəcə, baş məşqçi daha çox hazırlıqlı olanlara şans verirdi. Bu üzdən ehtiyatda şansımı gözləməli idim. İndi hər şey qaydasındadır. Formamı bərpa edib əsas heyətə qayıtmışam.

- Növbəti turdakı rəqibiniz “Simurq”dur. Bu oyunla bağlı qısaca fikirlərinizi bilmək maraqlıdır...
- Zaqataladakı matçlar həmişə çətin olur. Bu komanda ilə aramızdakı xal fərqi 3-dür. Bu üzdən həmin matçda ən azı yenilməməyə çalışacağıq.