“Bizim də ilk “altılıq” iddiamız var”
24.11.2012 - 17:34
“Bizim də ilk “altılıq” iddiamız var”
“Qarabağ”ın oyununu təhlil etmişdik. Rəqibin hansı üslubda oynadığını, hansı keyfiyyətlərə malik olduğunu bilirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Turan” klubunun baş məşqçisi Əfqan Talıbov deyib.

O, Topaz Premyer Liqasının XIV turun “Qarabağ”la səfər oyununda (1:1) 1 xalın əldə olunmasının sirrini açıqlayaraq rəqibi düzgün təhlil etməklə bağlayıb: “Mərkəzdə Riçard Almeydanı nəzarətdə saxlamaq üçün xüsusi oyunçu ayırmışdıq. Mən deyərdim ki, o futbolçu üzərinə düşən vəzifəni yerinə yetirdi. Futbolçulara ilk hissədə sırf hesabı qorumaq tapşırığı vermişdim. Lazım olanda əks-hücumlara qoşulmalı idik. Komanda birinci hissədəki vəzifəni yerinə yetirə bildi. İkinci hissədə Ballonu meydana buraxdım. O da əlinə düşən ilk fürsətdə qol vurdu. “İnter”lə oyundakı səhvlər üstündə xeyli işləmişdik. İkinci hissədə daha yaxşı təsir bağışladıq. 1:1 pis nəticə deyil. Millinin oyunu ilə əlaqədar Popoviçə istirahət vermişdik. Bizim də ilk “altılıq” iddiamız var, niyə də olmasın? “Turan” buna qadir komandadır”.