“Bismillah etməmiş 2-ci dəqiqədə qapında qol görürsən...”
04.12.2012 - 14:27
“Bismillah etməmiş 2-ci dəqiqədə qapında qol görürsən...”
“Turan”a ağır məğlubiyyətdən sonra bəzi futbolçularla bağlı ölçü götürüləcək. Əgər baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirmirlərsə, onlarla yavaş-yavaş yollarımızı ayırmaq lazımdır”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov deyib.

Gəncə təmsilçisi Topaz Premyer Liqasının XV turunda tarixində ən böyük hesablı məğlubiyyətlərdən birini yaşadı. Belə ki, “Kəpəz” “Turan”la Qərb derbisində 1:5 hesabı ilə uduzdu.

Qurbanov rəhbərliklə görüşündə heyətlə bağlı məsələləri müzakirə edəcəyini bildirib: “Futbolçuları bilmirəm, ancaq mən belə məğlubiyyətlə qəbul etmirəm. Müdafiəçiyə deyirsən ki, rəqib hücumçuya qarşı diqqətlə oyna. Ancaq buna əməl olunmur və həmin futbolçu het-trik edir. Bismillah etməmiş 2-ci dəqiqədə qapında qol görürsən. Əlbəttə, bu, baş məşqçi kimi kənardan mənə təsir edir. Qapıçı və müdafiəçilərin səhvləri belə qollara, sonda belə məğlubiyyətə gətirib çıxarır. Kimlərin getməli olduğunu mən bilirəm. Artıq bunu özüm üçün müəyyənləşdirmişəm. Onsuz də qış fasiləsinə az qalıb və islahat aparacağıq”.

“Turan”a məğlubiyyətdən sonra Qurbanovun istefaya göndərilməyi ilə bağlı söz-söhbətlər yayıldı. 39 yaşlı çalışdırıcı rəhbərlik olan danışıq haqda fikirlərini bildirib: “Aramızda belə söhbət olub ki, məndən narazı olacaqlarsa, dərhal deyib, qərarlarını verəcəklər. Məndən narazı olsalar, qalmağın yeri yoxdur, özüm gedərəm. Ancaq indiki vaxtda bunu etməyin yeri yoxdur. Deyəcəklər ki, Mahmud Qurbanov komandanı çətin vaxtda atıb getdi. Mən də məşqçiliyə yeni başlamışam”.

Azərbaycanın ən titullu futbolçusu vəzifəsini “Kəpəz”i bu vəziyyətdən çıxarmağa hazır olana təhvil verməkdə problem görmür: “Mən neçə illərdir futboldayam, kimin necə işlədiyini yaxşı bilirəm. Qıraqdan danışmaq asandır. Əgər kimsə gəlib, komandanı vəziyyətdən çıxaracaqsa, Allaha and olsun postumu ona verməyə hazıram. Komandamızın potensialını deməyə ehtiyac yoxdur. Bunu yaxşı bilirsiniz. Komandada müdafiə xəttinin etibarlı olmağı vacibdir. Bizdə bu baxımdan problemin olmağı nəticəyə öz mənfi təsirini göstərir. Qış fasiləsində “transfer pəncərəsi” açılacaq və onda heyəti yığmağa imkan yaranacaq”.