Çempionlar Liqasında günün proqnozu: Kim daha şanslıdır?
04.12.2012 - 17:44
Çempionlar Liqasında günün proqnozu: Kim daha şanslıdır?
UEFA Çempionlar Liqasında (ÇL) qrup mərhələsində mübarizə sona yaxınlaşmaqdadır. Artıq 1/8 finalçıların çoxu məlumdur və bugünkü matçlarda onlardan dəqiqləşəni olmayacaq. Çünki A, B, C, D qruplarında ilk 2 yeri tutanlar artıq son tura kimi müəyyənləşib. Əvəzində Avroliqaya vəsiqələrin taleyi hələ qaranlıq qalır. Apasport.az saytı hər qrupun ayrılıqda dəyərləndirməyini diqqətinizə çatdırır.

A qrupu
PSJ – “Portu”
“Dinamo” (Zaqreb) – “Dinamo” (Kiyev)

Bu qrupda həm ÇL-də mübarizəni davam etdirənlər, həm də Avroliqaya vəsiqənin sahibi məlumdur. Belə ki, PSJ ilə “Portu” öz aralarındakı oyunda 1-ci yerin taleyinə aydınlıq gətirəcək. Fransızları bu mübarizədə daha şanslı saymaq olar. Komanda rəqibindən 1 xal geri qalsa da, həm öz meydanında oynayır, həm də qrupun qalibi olmaqla bağlı böyük stimulu var. Maddi vəziyyətləri çox yüksək olan parisliləri bu üstünlükdən istifadə edəcəyi realdır. Kiyev “Dinamo”su isə Avroliqanın 1/16 final mərhələsinə çıxıb. Bu üzdən onun ehtiyat heyəti meydana buraxacağı, zaqreblilərin isə evdə matçında nüfuz üçün oynayaraq ilk xalını qazanacağı gözlənilir.

B qrupu
“Olimpiakos” – “Arsenal”
“Monpelye” – “Şalke”

Növbəti mərhələyə çıxanlar “Şalke” ilə “Arsenal” mübarizəni səfər oyunları ilə başa vuracaq. Burada da liderləri 1 xal ayırır. Londonluların rəqibi olan “Olimpiakos” 3-cü yerin sahibi kimi Avroliqaya vəsiqəni təmin edib. “Şalke”nin oyununu heç-heçə başa vurub, “Arsenal”ın isə mübarizəni 1-ci yerdə başa vuracağını proqnozlaşdırmaq olar. Fransadakı oyunun məhsuldar keçəcəyi gözləniləndir.

C qrupu
“Milan” – “Zenit”
“Malaqa” – “Anderlext”

Bu qrupda isə 1/8 finala çıxanlar son turda ev oyunlarına çıxacaq. “Malaqa” 1-ci yerin sahibi olduğunu artıq özü üçün rəsmiləşdirib. “Milan” isə 2-ci yerlə növbəti mərhələyə çıxacaq. Maraq doğuran məqam “Zenit”lə “Anderlext”dən hansının 3-cü yeri tutub, Avroliqaya çıxacağıdır. Bu baxımdan rusiyalıları üstün durumda saymaq olar. Əvvəla, komanda hazırda top fərqinə görə belçikalılardan qabaqdadır. İkincisi, yaxşı maliyyə imkanları olan “Zenit”in heyətində daha yüksək səviyyəli, təcrübəli futbolçular yer alıb. Onların beynəlxalq miqyasda təcrübəsi çoxdur. “Zenit”in əsas futbolçularını qoruyacağı “Milan”la səfər matçını heç-heçə başa vuracağını, “Anderlext”in uduzacağını ehtimal etmək olar.

D qrupu
“Borussiya” – “Mançester Siti”
“Real” – “Ayaks”

Madriddəki oyunla bağlı ətraflı şərhə ehtiyac yoxdur. “Real” səfərdə böyük hesabla məğlub etdiyi “Ayaks”la ev oyununda aşkar favoritdir. Onun qalib gələcəyi, özü də buna böyük hesabla nail olacağı realdır. Madrid klubu istənilən halda, qrupda mübarizəni 2-ci yerlə başa vursa da, Joze Mourinyo kimi iddialı baş məşqçisi xal itkisinə, uduzmağı özünə sığışdırmaz. Dortmunddakı oyunda isə sürpriz gözlənilir. Yəni “Borussiya” onsuz 1-ci yeri tutub və ərəb şeyxlərinin maliyyələşdirdiyi “Mançester Siti” qrupda mübarizəni sonuncu pillədə başa vurmağı heç cür barışa bilməz. Bu üzdən ingilislər yalnız qələbə üçün oynayaraq, nəhayət, buna nail olmaq üçün bütün bacarığını qoyacaq. “Mançester Siti” “Ayaks”la şəxsi oyunlarda geri qaldığından, onunla xalları bərabər olacağı halda, arxada qalacaq.