“Turan”ın futbolçusu “Dənizlispor”u bəyənmədi - FOTO
05.12.2012 - 00:20
“Turan”ın futbolçusu “Dənizlispor”u bəyənmədi - FOTO
“Dənizlispor”a getmək istəmirəm. Karyeramı Azərbaycanda davam etdirmək niyyətindəyəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan”ın yarımmüdafiəçisi Endər Günlü deyib.

Yaxınlarda “Dənizlispor”un nümayəndələri ölkəmizdə işgüzar səfərdə idi. Onlar çempionat və kubok oyunlarını izləyib, burdan futbolçu bəyənməli idilər. Ancaq klub rəsmiləri yerli oyunçulardan Elvin Məmmədovu bəyənsələr də, onun da hərbi xidmətə görə ölkəni tərk edə bilməyəcəyi bəlli oldu. Türk klubunun nümayəndələri yalnız legionerlərdən bəzilərini bəyənib ki, bunların arasında da Endər Günlü var.

Bununla belə, 28 yaşlı futbolçu “Dənizlispor”dan gələn təklifi qəbul etmək niyyətində deyil. Fransa doğumlu türk futbolçu tarixi vətəninə getmək istəmədiyini belə əlaqələndirdi: “Bilirəm ki, “Dənizlispor”da güclü maliyyə böhranı var. Üstəlik, kluba FİFA tərəfindən sanksiya tətbiq oluna bilər. Yəni hazırda bu komandada işlər qaydasında deyil. Ümumiyyətlə, Türkiyənin əksər aşağı dəstə komandalarında maliyyə ilə bağlı problem var. Ötən mövsüm “Turqutluspor”un şərəfini qoruyarkən bunu müşahidə etmişdim. Azı mövsümün sonuna kimi “Turan”da qalmaq istəyirəm. Bu klubda da maliyyə məsələsi ürəkaçan olmasa da, hər halda, Premyer Liqa klubudur. Burdan güclü klublara getmək daha asandır, nəinki Türkiyənin aşağı dəstəsindən”.

Qeyd edək ki, “Lion”un yetirməsi olan Endər Günlü 2009/10 mövsümündə o vaxtkı “Olimpik-Şüvəlan”ın şərəfini qoruyub. Günlü ora İsveçrənin aşağı dəstə təmsilçisi “Rasinq”dən gəlmişdi.

SƏBUHİ TOFİQOĞLU