Türkiyəli məşqçi: Qərarı Rail Məlikov verəcək
04.12.2012 - 20:03
Türkiyəli məşqçi: Qərarı Rail Məlikov verəcək
“Rail Məlikova həqiqətən də Superliqadan maraq var”. Bunu apasport.az saytına açıqlamasında “Dənizlispor”un baş məşqçisi Səlahəttin Dərvənt deyib.

O, cari mövsümdə Türkiyənin I liqa təmsilçisində çıxış edən Azərbaycan millisinin sabiq futbolçusu Rail Məlikovdan razılığını ifadə edib.

Dərvənt hələ “Turan”da işlədiyi dövrdən yaxşı tanıdığı, indi isə sərəncamında olan 27 yaşlı müdafiəçini qış fasiləsində saxlamağın elə də asan olmayacağını düşünür: “Məlikov özü haqda yaxşı fikir formalaşdırıb. Superliqaya layiqli oyun göstərir. Ona çoxsaylı təkliflər var. Konkret “Qaziantepspor”dan təklif alıb”.

Türkiyəli mütəxəssisin sözlərinə görə, futbol agentləri “Neftçi”nin sabiq kapitanı ilə işləməkdə maraqlıdırlar: “Onu deyə bilərəm ki, Məlikovun arxasınca 15-20 menecer düşüb. Qərarı futbolçunun özü verəcək. Biz Məlikovla tez-tez söhbətləşib, onun gələcək karyerası üçün ən yaxşı olmağı üçün çalışırıq. O da fikirlərimizi nəzərə alır və bizi incitmir”.

Mehman SÜLEYMANOV