“Cihan Özkara oyun fəlsəfəmə uyğun gəlmir”
05.12.2012 - 00:02
“Cihan Özkara oyun fəlsəfəmə uyğun gəlmir”
Türkiyənin I liqasında mübarizə aparan “Ərciyəsspor” klubunun baş məşqçisi Osman Özköylünün apasport.az saytına müsahibəsi

- Sizi Azərbaycan millisinin hücumçusu Cihan Özkara ilə bağlı narahat edirik. Onun son vaxtlar heyətə düşməməyinin səbəbi nədir?
- Əvvəla onu qeyd edim ki, Cihanı şəxsən mən bəyənib komandaya götürməmişəm. Onu klub prezidentimizin məsləhətinə əsasən heyətə cəlb etmişik. “Sivasspor”da oynaması, Azərbaycan yığmasının üzvü olması Cihanı komandama götürməyimə səbəb oldu. Ancaq təəssüflər olsun ki, etimadlarımı doğrultmadı. Daha doğrusu, mənim oyun sistemimə uyğun gəlmədi. Komandam tək hücumçulu sistemlə oynadığı və onun çıxış etdiyi mövqedə Jerar Qohu özünü yaxşı tərəfdən göstərdiyi üçün Cihan daha çox ehtiyatda qalmalı oldu. Bəzi oyunlarda meydana buraxsam da, istədiyimi ondan ala bilmədim. Dəfələrlə onunla söhbətim olsa da, gördüm ki, alınan iş deyil.

- Onun “Ərciyəsspor”la icarə müqaviləsi yayda başa çatır?
- Bəli.

- Ancaq sözlərinizdən belə aydın olur ki, vaxtından erkən onu “Sivasspor”a qaytarmaq fikriniz var. Qışda Özkaranı komandadan göndərəcəksiz?
- Hələ çempionatın qış fasiləsinə 3 tur qalıb. Fasilə yarandıqdan sonra bizə lazım olan mövqelərə futbolçu transfer etməyə çalışacağıq. İstədiyimizi tapa bilsək, böyük ehtimalla, Cihan komandada saxlanmayacaq. Ancaq hələ bu dəqiq deyil. Buna “transfer pəncərəsi” açılanda aydınlıq gələcək.

- Millidən qayıtdıqdan sonra heç onunla söhbət edirsizmi?
- Aradabir yığma haqda danışırıq...

- Məsələn, ötən oyunda Şimali İrlandiyaya 2-ci qolu vursaydı, böyük ehtimalla, səfərdən qalib ayrılacaqdıq...
- (Özköylü sualımızla səhvən Cihanı tərifləmək məqsədimiz olduğunu güman etdiyindən, belə cavab verir – S.T.) Bilirsiz necədir? Bizim oynatdığımız sistem tam fərqlidir. Bəli, Cihan çox yaxşı futbolçudur. İstedadlıdır, sürətlidir, yaxşı zərbələri, ötürmə qabiliyyəti var. Ancaq daha çox müdafiədən oynayan komandalar üçün xeyirlidir. Yəni əks-hücumlara bel bağlayan komandalarda Cihan özünü yaxşı tərəfdən göstərə bilər. Ancaq “Ərciyəsspor” daha çox hücumlar qurmağı, rəqibi təzyiqdə saxlamağı bacaran bir komandadır. Biz burda “Barselona” sisteminə uyğun futbol sərgiləməyə çalışırıq. Cihan isə bu oyun fəlsəfəsinə uyğun gəlmir.

- Azərbaycanlı futbolçular millinin düşərgəsindən qayıtdıqdan sonra özləri və onların klublarının baş məşqçiləri yorğunluqdan, hədsiz yüklənmədən şikayətlənir. Siz Cihan düşərgəyə qayıdarkən onda belə yorğunluğu hiss edirdizmi?
- Açığı, yox. Hamı necə idisə, o da məşqlərdə elə çalışırdı. Mənim Cihanla bağlı narazılığım yoxdur. Bayaq da dediyim kimi, o istər futbolçu, istərsə də bir insan kimi yaxşıdır. Sadəcə, bu futbolçu mənim oyun fəlsəfəmə uyğun gəlmir.

Səbuhi TOFİQOĞLU