2 Məmmədov, 2 həqiqət: HK sədri qaydalardan xəbərsizdir
05.12.2012 - 00:07
2 Məmmədov, 2 həqiqət: HK sədri qaydalardan xəbərsizdir
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov oyun qaydalarından xəbərsizdi. Məsələn, o, hansı epizodda penalti təyin edilməli olduğunu bilmir. Amma futzal üzrə FİFA referisi Elçin Məmmədov hər şeyi bilir, göstərir, izah, hətta sübut edir.

Məni belə deməyə vadar edən səbəb var. Xatırlayırsızsa, Premyer Liqanın 14-cü turunun "Bakı" - "Neftçi" oyununda ciddi səhvləri bütün ölkəyə əyan olan Elçin bəyin cəzalanacağı gözlənilirdi. Buna etiraz edən "Bakı" rəsmilərinə və ya həqiqəti car çəkən jurnalistlərə görə yox. Matçdan sonra telekanalların birində epizodları şərh edən Xaqani bəy paytaxt derbisindən danışarkən topun Edemir Robrigesin əlinə dəyən epizodda penalti təyin edilməli olduğunu bildirdi. Bilmirəm, bunu onunla birlikdə verilişdə qonaq olan "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyevin xətrinə etdi, ya nə idisə, hər halda Elçin bəyin səhvini göstərdi. Həmin vaxt hesab açılmamışdı və deməli, bu, nəticəyə təsir edən səhv sayılmalıydı. Məmmədovların bəxtindən "Neftçi" oyunu uddu və Sadıq Sadıqovun onları qınamasına ehtiyac qalmadı.

İstənilən halda, neçə-neçə referinin qələmini qıran komitənin Elçin bəyi də ən azı 1-2 oyunluq istirahətə göndərəcəyi gözlənilirdi. Hətta ölkənin ən perspektivli hakimlərindən hesab edilən Anar Salmanov da həmin turda təyinat almamışdı və Xaqani bəy də onun cəzalı olduğunu etiraf etdi. Ancaq bir həftə içində ölkə kubokunun 1/8 final mərhələsinin, eləcə də 15-ci turun oyunları baş tutdu və hər ikisində də Elçin bəy iş başında idi.

Buradan aydın olur ki, sədr Məmmədov hakim Məmmədova Hakimlər Komitəsinin iclasında səhvini sübut edə bilməyib. Elə bu üzdən də ona növbəti oyunlar üçün təyinat verilib. Fərqli variant varmı? Bu, reallıqdı (Sport-ekspress).

Deməli, Xaqani bəy qaydaları öz kadrından pis bilir. Elə ona görə də Elçin bəy "arqumentləri" ilə sədri "yeyib" və yeni təyinatı haqq edib.

Ümumiyyətlə, hakim səhvlərinin bol olduğu 14-cü tura görə heç kimə gözün üstə qaşın var deyən olmadı. "Rəvan" - "Qəbələ" oyununda qapı xəttini keçməyən topu qol kimi qeydə alan FİFA referisi Fariz Yusifovla köməkçisi İlham Əliyev də kubokda və növbəti turda iş başında idi. Düzdü, bu dəfə onlar fərqli briqadalarda yer almışdı. Ancaq görünən odu ki, Xaqani bəy onlara da səhvlərini sübut edə bilmədiyindən təyinat verməyə məcbur olmuşdu.

Bu sətirləri yaza-yaza ağlımdan qara fikirlər keçir. Bəlkə hakimlərə həmin oyunlarda səhv etmək göstərişi verilibmiş. Elə ona görə də onlara səhvlərinə rəğmən təyinat verilir. Axı, tapşırığı yaxşı yerinə yetirən işçilər niyə kənarda qalmalıdı? Onları yeni tapşırıqlar dalınca göndərmək lazım deyilmi?

Hər halda, Xaqani bəy də bunu bilib Elçin Məmmədovun səhvini etiraf etməməli, variant fırlatmalı idi. Necə ki, onun məşhur "top əli tapdı, əl topu tapdı" sözləri zərb-məsələ çevrilib. Yenə eyni cür davranmalıydı, hakimlərin tapşırıq yerinə yetirməsinin üstünü açmamalıydı.

Deyəsən, Xaqani Məmmədov həqiqətən "oyun" qaydalarından xəbərsizdi. Elə olmasaydı, komitənin cangüdəni, AFFA-nın silləvuranı, vəkili, işbazı, qonaq qarşılayanı, nitq söyləyəni, qurumu ayaq üstə tutanı olan Elçin bəyi pis vəziyyətdə qoymazdı. Guya nə qazandı ki?

Hadisələrin gedişi hakim Məmmədovun "oyun" qaydalarını sədr Məmmədovdan daha yaxşı bildiyini sübut etdi.