Andrea Stramaççoni: “Neftçi” Bakıda qələbəni haqq etmişdi
07.12.2012 - 03:06
Andrea Stramaççoni: “Neftçi” Bakıda qələbəni haqq etmişdi
“Biz “Neftçi” ilə oyuna diqqətlə hazırlaşmağa çalışdıq. İlk hissədə daha diqqətli oynadıq. Ancaq ikinci hissə fərqli keçdi və qol şousu oldu”. Apasport.az saytının Milana ezam olunmuş əməkdaşının məlumatına görə, bu fikirləri “İnter”in baş məşqçisi Andrea Stramaççoni deyib.

İtaliyalı çalışdırıcı Avroliqanın qrup mərhələsində “Neftçi” ilə ev oyununda futbolçuların çıxışından narazı qalmayıb: “Təəssüf ki, 2-ci qol vura bilmədik və əvəzində top buraxdıq. Gənc futbolçuları təbrik etmək istəyirəm. Bu gün bizdə 11 gənc futbolçu oynadı ki, bu da bir uğurdur. Naqatomo yarımmüdafiənin mərkəzində görürəm. Fikirləşirəm ki, o, yaxşı futbolçudur, hər mövqedə yaxşı oynaya bilər. Bizdə oyunçular çoxdur. Çoxlarını istifadə edə bilmədik“.

O, komandamızın qazandığı tarixi nəticəyə qiymət verib: “Neftçi”ni təbrik edirəm. Onun Bakıdakı oyunu daha çox xoşuma gəlmişdi. “Neftçi” onda qələbəni haqq etmişdi. Ancaq budəfəki matçda biz qələbəyə layiq idik. Ancaq “Neftçi” nəticəyə sona kimi inandı və qol vurmağa çalışaraq, istəyinə çatdı”.

Maraqlıdır ki, “Neftçi” qrup mərhələsində vurduğu 4 qoldan 3-ü favorit “İnter”ə vurub. Stramaççoni bunu motivasiya ilə əlaqələndirib: “Bizimlə oyun “Neftçi” üçün daha çox stimul verdiyindən, belə alınır. O, öz oyunu oynadı, qələbəyə də yaxın idi. Fikrimcə, bu gün gözəl oyun oldu. İndi “İnter”in ən yaxşı vaxtı deyil. Çünki zədəlilərimiz çoxdur. Ancaq əminəm ki, bazar günü çempionatımızda matça hazır olacağıq və qalib gələcəyik”.

O, futbolçularına həmişə inandığını və hollandiyalı yarımmüdafiəçi Uesli Sneyderlə probleminin olmadığını bir daha açıqlayıb: “Onun Tvitterdə yazdıqlarını soruşdum. Dedi ki, mən indidən Milad bayramını yox, Hollandiyadakı uşaqların bayramını təbrik etmişəm. Uesli ilə problemim yoxdur. O, sevimli futbolçumuzdur”

Mehman SÜLEYMANOV
MİLAN