"Fantastik qiymət oxuyurlar"
13.12.2012 - 14:14
"Fantastik qiymət oxuyurlar"
“Xəzər Lənkəran” klubunun rəisi Səməd Mustafayevin apasport.az saytına müsahibəsi

- Topaz Premyer Liqasının XVII turunda komandanız prinsipial oyunda “Neftçi” ilə qarşılaşacaq. Bu görüş barədə nə düşünürsünüz?
- Komanda hazırda bu matçın hazırlıqlarını davam etdirir. Bütün qarşılaşmalara olduğu kimi, bu oyuna da ciddi yanaşırıq.

- “Böyük oyun” adı ilə tanınan görüşdən nə gözləyirsiniz?
- Yalnız qələbə. Fikrimcə, komanda bunun öhdəsindən gələcək.

- Cəzalı Ruslan Abışovun yoxluğu komandanın oyununa nə dərəcədə təsir edəcək?
- Məncə, bu o qədər də hiss olunmayacaq. “Simurq”la ötən turun oyununda Manuel Skarlatake yox idi. Onun yoxluğu o qədər hiss edilmədi. Düşünürəm ki, bu dəfə də belə olacaq. Çünki bizdə komanda yoldaşını əvəzləyə biləcək müdafiəçilər var.

- Abışovun ötən tur qırmızı vərəqə alması müəyyən söz-söhbətlər yaratdı. İddia olunur ki, qəsdən “qırmızı” alıb, neçə illərdir şərəfini qoruduğu “Neftçi”yə qarşı oynamaq istəməyib...
- Bunlar boş söhbətlərdir. Abışov elə futbolçu deyil.

- Əvəzləyici oyunçularınız olduğunu dediniz. Lakin son turlara nəzər salsaq, görərik ki, hər matçda 1, maksimum 2 futbolçu dəyişikliyi olur. Bu isə ehtiyatdan meydana girə biləcək futbolçunun yoxluğu kimi görünür...
- Hardasa belədir. Amma qarşıda gələn “transfer pəncərəsi”ndə problemi həll edəcəyik.

- Etiraf edirsiniz ki, “Xəzər Lənkəran”ın indiki nəticəsi ürəkaçan deyil və oyunçu çatışmazlığının bunda rolu var.
- Əlbəttə, “Xəzər Lənkəran”ı 1-ci, 2-ci yerlərdə görməyə adət etmişdik. Bu üzdən indiki nəticə ürəkaçan deyil. Futbolçu azlığı da bunun əsas səbəbidir.

- Əsas səbəbi dedikdə nəyi nəzərdə tutursunuz?
- Zədəli futbolçularımız da var. Onların yoxluğunda 5-6 aydır elə eyni futbolçulara yük düşür. Belə yorğunluq da sonda nəticələrə təsir edir. Qış fasiləsinə cəmi 2 tur qalıb. Həmin problemlər qışda həllini tapacaq.

- Dünən Rumıniyadan qayıtmısınız. Səfərinizin məqsədini transferlərlə bağlamaq olar?
- Rumıniya futbolu hazırda enişdədir. Klublar maliyyə baxımından yaxşı durumda deyil. Amma çempionatları yenə yüksək səviyyədədir. Orada 3-4 oyun izlədim.

- Hansı qarşılaşmaları?
- “Styaua” - “Astra” və “Rapid” - “Otselul” matçlarını.

- Əsas məqsəd oyunçu seçmək idi?
- Konkret futbolçu izləmirdim. Məqsəd maraqlanmaq idi ki, hansı oyunçunun klubu ilə müqaviləsi var, qiyməti neçəyədir.

- Yəqin ki, gözaltı etdiyiniz futbolçu oldu...
- Hələlik yox. Klublar müştəri düşəndə futbolçulara elə qiymət oxuyurlar ki, bu məbləğə İspaniya və ya Portuqaliya çempionatından normal futbolçu almaq olar. Fantastik qiymət oxuyurlar.

- Təxminən nə qədər istəyirdilər ki?
- 1 milyon avrodan 5 milyonadək. Maraqlandığımızı görəndə kasıb klublar 1 futbolçu hesabına varlanmaq istəyinə düşürlər.

- Rumıniyada bəyəndiyiniz futbolçuların qış təlim-məşq toplanışında baxışa çağırılması gözlənilir?
- Yox. Biz ona görə gedib futbolçuları izləyirik ki, onları iş başında görək. Belə vəziyyətdə baxışa da çağırmağa ehtiyac olmayacaq, birbaşa müqavilə imzalanacaq. Bəzi oyunçular ümumiyyətlə, baxışa getməkdən də imtina edir. Həm də həmişə baxışa çağırılan futbolçularla bağlı xeyli vaxt itiririk. Ona görə axtarışları indidən başlamışıq.

- Belə çıxır ki, baxışa oyunçu gəlməyəcək...
- Bəziləri gələcək. Lakin Rumıniyada gördüklərimlə danışıqlar aparacağıq.

- Təlim-məşq toplanışı haqda danışdınız. Hazırlıqların vaxtı və yeri dəqiqləşib?
- Yanvarın 10-dan fevralın 5-dək ölkə xaricində hazırlıq keçəcəyik. Baxışa gələnlər də orada sınanacaq.

- Əksər klublarımız kimi Türkiyənin Antalya şəhərinə gedəcəyiniz gözlənilsə də, Dubay variantının olduğu deyilir...
- Bu məsələ hələ dəqiqləşməyib. Bizə Dubay variantı da təklif olunub. Amma Antalya ilə Dubay arasında seçim etməmişik.

- Bu məsələ nə vaxt dəqiqləşər?
- Növbəti həftənin əvvəlində.

- Belə düşünmək olar ki, yoxlama oyunları da seçəcəyiniz variantdan asılı olacaq...
- 5 yoxlama oyunu keçirəcəyik. Rəqiblərimiz isə gedəcəyimiz ölkədən asılı olaraq dəyişəcək.