“Əsas məqsədimiz qış çempionluğu yox, “altılığ”a düşməkdir” – MÜSAHİBƏ
19.12.2012 - 14:21
“Əsas məqsədimiz qış çempionluğu yox, “altılığ”a düşməkdir” – MÜSAHİBƏ
“Simurq” klubunun gürcüstanlı baş məşqçisi Georgi Çixradzenin apasport.az saytına müsahibəsi

- İlin son oyununa hazırlıq necə gedir?
- Həmişəki kimi, “Rəvan”la matça da ciddi hazırlaşırıq. Rəqibin gücünə fərq qoymuruq. Buna görə də sabah keçirəcəyimiz oyuna normal köklənirik.

- Yəni “Rəvan”ın turnir cədvəlində sondan əvvəlki pillədə getməyi sizi arxayınlaşdırmır? Üstəlik, evdə oynayırsınız və qalib gəlmək elə də çətin olmayacaq....
- Bu çempionat maraqlı, gərgin keçir. Prinsipcə, asan oyun olmur. Bunu həm turnir cədvəlində yuxarıda, həm də aşağıda gedən komandalarla oyunlara aid etmək olar. Ona görə də rəqiblərə fərq qoymuruq. Bu mənada “Rəvan”la matç öncəsi arxayınlaşmırıq, əksinə, oyuna ciddi yanaşırıq.

- Rəqibinizi necə xarakterizə edərdiniz?
- Texnikalı komandadır, yaxşı ifaçıları var. Bizim oyuna öz yanaşmamız var. Əlbəttə, rəqibi təhlil edirik. Hər şey sabah oyunda görünəcək.

- “Rəvan”ı çalışdıran bosniyalı həmkarınız Kemal Alispahiçin məhz sizin oyundan sonra postundan gedəcəyi gözlənilir. Ümumiyyətlə, rəqibin düşərgəsində hansı son məlumatlara maliksiniz?
- Təbii ki, mətbuatda gedən məlumatların hamısını oxuyuruq. Ən əsas odur ki, biz öz oyunumuz, öz komandamız haqda düşünürük və növbəti matça ciddi köklənirik.

- Qış çempionu olmağa ən şanslı “İnter”lə “Simurq” sayılır. Maraqlıdır, siz şansları necə dəyərləndirərdiniz?
- Bilirsiniz, hər oyunda xal vacibdir. Çalışırıq ki, hər matçda maksimum nəticə qazanaq. Qış çempionluğuna gəlincə, bizim üçün əsas “altılığ”a düşməkdir. Biz hər oyunda bunun üçün, nəticə qazanmağa görə çalışırıq. Qalan şeylərə tur bitəndən sonra aydınlıq gələcək. Onda görəcəyik ki, digər komandalar necə oynadı və çempionatın ilk hissəsindən sonra sıralama necə oldu.

- “İnter”in 1 oyunu ehtiyatda olduğu üçün sizdən şanslıdır. Ancaq digər tərəfdən, keçmiş komandanıza “Bakı” və “Neftçi” ilə oyunlarda elə də asan olmayacağından büdrəyə və nəticədə “Simurq” qış çempionu ola bilər...
- Biz konkret olaraq sabah keçirəcəyimiz oyuna diqqətimizi yönəltmişik. Başqa komandaların necə oynayacağına baxmırıq. Əlbəttə, turnir cədvəlinə diqqət yetiririk. Ancaq başa düşürsünüz, bizim üçün əsas sabah keçirəcəyimiz oyundur. Komandaların ehtiyatda qalan oyunlarında necə çıxış edəcəyini zaman göstərəcək. Biz isə öz matçımızda 3 xal əldə etməyi düşünürük.

- “Simurq”u hələ ötən mövsüm “altılıq” öncəsi qəbul etdiyinizdən, komanda ilin çox hissəsini sizin rəhbərliyiniz altında oldu. Bu mənada başa çatmaqda olan 2012-ci ili komandanız üçün necə dəyərləndirərdiniz?
- Onu demək olar ki, mən komandaya gələndə onun üçün çətin dövr idi. Həmin vaxt Premyer Liqada qalmaq vəzifəsini yerinə yetirirdik. Düşünürəm ki, biz bunu pis həll etmədik. Faktiki olaraq 10 oyunda 4 dəfə qalib gəldik, 5 heç-heçə etdik və cəmi 1 dəfə uduzaraq, 9-cu yeri tutduq. Həmin vaxt komandanın təhlükəli zonada olduğunu nəzərə alsaq, belə çıxış pis deyildi. Biz hələ ötən mövsümdən yeni komanda və növbəti mövsüm üçün yeni planlar qurmağa başladıq. Hesab edirəm ki, yayda yaxşı seleksiya işi gördük, hazırlıq prosesi keçdik. Rəhbərliyin dəstəyi öz bəhrəsini verdi. O mənada ki, bu mövsüm üçün döyüşkən və yaxşı komanda yaratdıq.

- AFFA-nın İntizam Komitəsi əsas qapıçınız David Petjkeviçi son turda hakimi söydüyünə görə 4 oyunluq cəzalandırıb. Qərarı necə şərh edərdiniz?
- Təkcə mən yox, çoxları deyir ki, David çox mədəni insan və yaxşı idmançıdır. Mən onunla danışdım. Oyunun videoyazısına baxdım və görünür ki, futbolçu ilə hakimlər arasında 35-40 metr məsafə var. O, belə halda necə söyüş söyə bilər? Üstəlik, paltardəyişmə otağına gedirdi. Hakim isə ona yaxınlaşıb, qırmızı vərəqə göstərir. Ancaq qərar qəbul olunub.

- Apelyasiya vermək fikrindəsiniz?
- Çox güman hə.

- 4 oyun demək olar “altılığ”a qədər deməkdir. Əsas qapıçınız çətin olmayacaq?
- Bizim çox səviyyəli qapıçımız var – Dmitri Kramarenko. Ümid edirik ki, o da oyunlarda layiqincə çıxış edəcək. Qalanını vaxt göstərəcək.

- 38 yaşı olan Kramarenko çempionatımızın ən təcrübəli qapıçısı olsa da, çoxdandır oyun praktikası sarıdan korluq çəkir. Bu, problem yaratmaz?
- Düşünürəm ki, Dima kimi təcrübəli qapıçı üçün bu, böyük problem deyil.