Georgi Nikolov: ...Sadıq Sadıqova cavab verərdim
24.12.2012 - 13:41
Georgi Nikolov: ...Sadıq Sadıqova cavab verərdim
“İnter” klubunun prezidenti Georgi Nikolovun apasport.az saytına müsahibəsi

- Rəhbəri olduğunuz komanda sabah ilin son matçına çıxacaq. “Neftçi” ilə qarşılaşma haqda nə düşünürsünüz?
- Hazırda turnir cədvəlinin 1-ci pilləsindəyik. Qarşıdakı oyunun nəticəsindən asılı olmayaraq, heç kim bizi xal sayında keçə bilməyəcək. Amma 3 xal bizə çox lazımdır. “Neftçi” indi yüksəlişdə olsa belə, qələbə qazanacağımıza ümid edirəm.

- Başa çatmaqda olan 2012-ci ili necə dəyərləndirirsiniz?
- Ümumi götürəndə ili orta səviyyədə keçirdik. Əvvəl ötən mövsümün sonluğunu oynayıb, Avropa Liqasına düşdük. Həmin yarışda isə arzuladığımızdan zəif çıxış etdik. Yenə də bizi penaltilər seriyası pis vəziyyətdə qoydu. Hərçənd, daha irəli gedə bilərdik. İndiki mövsümdə isə baxımlı oyun göstərməyib praqmatik futbola üstünlük verməklə liderik. Təbii ki, daha baxımlı, daha məhsuldar oyun da istəyərdim. Bütün bunları ümumiləşdirəndə, 50 faiz razı qalmaq olar. Yeni ildə daha yaxşı olacağını gözləyirəm.

- Yəqin ki, buna dəyişikliklərlə nail olacaqsınız...
- Heyətə kimi qatmaq Kaxaber Sxadadzenin işidir.

- Klub prezidenti kimi siz nə düşünürsünüz?
- Heyət gücləndirilməlidir. Az qol vurduğumuzu da nəzərə alsaq, 1 hücumçu mütləq lazımdır. Tək Baçana Sxadadze ilə iş bitmir. Baçana robot deyil ki, bütün oyunları yüksək səviyyədə keçirsin. Ona görə bombardir keyfiyyətlərinə malik hücumçu lazımdır.

- Bu yöndə axtarışlara başlamısınız?
- Hələlik yox. Amma bir məsələ dəqiqdir ki, qışda oyunçu almaq həmişə çətindir. Əksər futbolçuların klubları ilə müqaviləsi olur. Belə vəziyyətdə lazım olan oyunçunu tapmaq da çətindir. Lakin ümid edirəm ki, Türkiyə toplanışında yeni oyunçu da sıralarımızda olacaq.

- Komandadan ayrılacaq futbolçular məlumdur?
- Getməli olanlarla artıq vidalaşmışıq. İndiki heyətdən isə hamı qalacaq. Təkcə Polşa “Poqon”una getməsi mümkün olan Nizami Hacıyevin məsələsi həll olunmayıb.

- Hacıyevin məsələsi necə olacaq?
- Polşa təmsilçisi Hacıyevə görə pul ödəmək istəmir. Bu üzdən də mənə elə gəlir ki, Nizami də “İnter”də qalası olacaq.

- Məsələyə nə vaxt aydınlıq gələcək?
- Bu həftə hər şey dəqiqləşər. “Poqon” yanvarın 6-da hazırlığa başlayır. Nizami getməli olsa, həmin vaxt komandanın düşərgəsində olmalıdır.

- “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev klubunuza qarşı ittiham irəli sürüb. O, “İnter”lə “Simurq”un bir-birinə xal hədiyyə etdiyini deyir...
- Onun sözlərinə nə deyim ki? Hacıyev bir az spesifik adamdır. Amma onun sözlərinə şərh verməyəcəyəm. O, baş məşqçidir, mən də klub prezidenti. “Neftçi”nin prezidenti Sadıq Sadıqov “İnter” haqda danışsaydı, ona cavab verərdim.