Kamal Bayramov: Mən “Xəzər Lənkəran”da uduzdum - MÜSAHİBƏ
25.12.2012 - 17:40
Kamal Bayramov: Mən “Xəzər Lənkəran”da uduzdum - MÜSAHİBƏ
“Xəzər Lənkəran” klubunun sabiq qapıçısı Kamal Bayramovun apasport.az saytına müsahibəsi


- Artıq “Xəzər Lənkəran”la müqaviləni pozdunuz. Bu, sizin üçün gözlənilməz olmadı ki?
- Yox. Mən hələ 1 ay əvvəl komandadan getmək istədiyimi demişdim.

- Belə çıxır ki, mayda başa çatacaq müqavilənin indidən pozulmasının təşəbbüskarı siz olmusunuz?
- Yox. Rəhbərlik belə istədi. Mənim də getmək istəyim olduğundan qarşılıqlı razılıq əldə etdik.

- Getmək istəyirdinizsə, özünüz niyə ilk addımı atmırdınız?
- Necə deyə bilərdim ki? “Xəzər Lənkəran”da gördüyün hörmət və qayğının qarşılığında getmək istədiyimi deyə bilməzdim. Çünki orda biz futbolçulara qarşı elə münasibət vardı ki, ehtiyatda qalsam da heç hara getməzdim. Hələ azarkeşlər... Mənə və komandaya olan dəstəyə görə onlara təşəkkür edirəm.

- Belə olan halda, getmək istəyiniz nə ilə bağlıdır?
- Demək olar heyətə düşmürdüm. Futbolçu üçün oynamamaq çox pis haldır. Heç olmasa, gedib hansısa komandada oyun praktikası qazanaram.

- Sizə elə gəlmir ki, bu addımı daha tez atmalı idiniz?
- Bu addımın gecikmiş olduğunu başa düşürəm. Mövsümün əvvəlində getməli idim.

- Həmin vaxt hər hansı təklif var idi?
- Bəli. “İnter”ə çağırırdılar. Amma getmədim.

- Niyə?
- Çünki rəhbərliyə getmək istədiyimi deyə bilməzdim.

- Bəs indi niyə gedirsiniz?
- Ziyanın yarısından da qayıtmaq yaxşıdır. Heç olmasa, mövsümün sonuna kimi bir komandada oynayaram.

- İndi təklif var?
- Bir neçə təklif var. Lakin hələ seçim etməmişəm.

- Hansı klublardan təklif almısınız?
- Həm ilk “altılıq”da yer alan, həm də ora düşməyə can atan klublardan dəvət var. Amma ad açıqlamaq istəmirəm.

- “İnter” variantı yenə qalır?
- Yox. Mənə dəvət göndərəndən sonra 2 qapıçı aldılar: Elşən Poladov və 1 gürcü qapıçı.

- “Xəzər Lənkəran”dakı il yarımlıq karyeranızı necə dəyərləndirirsiniz?
- Futbolçuda alınmayanda alınmır. Mənimki də alınmadı. Mən “Xəzər Lənkəran”da uduzdum.

- Bunu nə ilə izah edə bilərsiniz?
- Futbolçuda inamsızlıq yarananda, mənfi təsir göstərir. Əvvəlki klublarımda inam hissim var idi. “Turan”dan “Xəzər Lənkəran”a keçəndə ilk oyunumu 5 aydan sonra keçirdim. 5 ay oynamadım. “İnter”lə matçda debüt etdim. Ardıcıl qələbələrdən sonra uduzduq. Bir də 2 ay sonra meydana çıxdım. Onda da “Neftçi”yə 0:5 hesabı ilə uduzduq. Bunlar da inamsızlıq yaratdı.

- Siz bu kluba keçəndə millinin qapıçısı Kamran Ağayevlə rəqabətdə uduza biləcəyinizi düşünmürdünüz?
- Kamran yaxşı qapıçıdır. Amma mən “Xəzər Lənkəran”a keçəndə onunla rəqabət aparmağa gedirdim. Mən “Turan”a da, “Muğan”a da 2-ci qapıçı kimi getmişəm. Sonradan əsas qapıçı olmuşam. Lənkəran təmsilçisində də belə olacağını düşünürdüm. Lakin alınmadı.

- Ağayevin gedişindən sonra əsas qapıçı Orxan Sadıqlı oldu. Ona nədə uduzurdunuz?
- Orxan yaxşı qapıçıdır. Mövsümün əvvəlində baş məşqçi ilə söhbətimiz oldu. O vaxt komandanı çalışdıran Yunis Hüseynov mənə dedi ki, limitə görə Orxana şans verəcək. Çünki meydanda 21 yaşadək 1 oyunçu olmalıdır. Orxan isə bunun üçün ən yaxşı variantdır. Lakin Orxanın öz əməyini də unutmaq olmaz. Əgər rəhbərlik sonadək ona güvənsə, yerli və ya əcnəbini gətirib Sadıqlını 2-ci plana atmasa, Azərbaycan futboluna yaxşı qapıçı qazandıracaq.

- Klub sizinlə yollarını ayırırsa, deməli yeni qapıçı gəlir...
- 100 faiz belədir. Çünki hər komandada ən azı 3 qqapıçı olmalıdır. Lakin gələnin kim olmasından xəbərsizəm.