Rail Məlikov: Hələ belə test verməmişdim - MÜSAHİBƏ
27.12.2012 - 17:54
Rail Məlikov: Hələ belə test verməmişdim - MÜSAHİBƏ
“Dənizlispor”un müdafiəçisi Rail Məlikovun apasport.az saytına müsahibəsi

- İl başa çatmaq üzrədir. Ötən mövsümün son 6 ayı və cari mövsümün ilk hissəsini sizin üçün uğurlu, yoxsa uğursuz adlandırmaq olar?
- Mənim üçün həm uğurlu, həm də uğursuz mövsüm oldu. Uğurlu ona görə oldu ki, “Neftçi” ilə ardıcıl 2-ci dəfə çempion oldum. Uğursuzluq isə “Neftçi”dən ayrılmağımla bağlıdır. Bu mənə pis təsir etdi. Ancaq digər tərəfdən “Dənizlispor”a keçib özümü sübut etməyim yaxşı oldu. Burda özümü yaxşı tərəfdən göstərə bildim.

- Çempion etdiyiniz “Neftçi”dən kənarda qalıb komandanın Avroliqanın qrup mərhələsində iştirakınız olmadan mübarizə aparması sizdə qısqanclıq hissləri yaratmadı ki?
- Qısqanclıq deyəndə ki, Avroliqanın qrup mərhələsinə aparan yolda mənim də payım, zəhmətim olub. Çünki təsnifat mərhələsinin oyunlarında mən də iştirak etmişdim. Sadəcə olaraq transferə çıxarılmağım gözlənilməz oldu. Bunu zəif oyunumla əlaqələndirmirəm. Orda zəif oyunla bağlı bir şey yox idi. Bu məsələyə yenidən qayıtmaq istəmirəm. Qısqanclıq ola bilməz. Çünki bu komandanın orda iştirak etməsinə daha çox sevindim. Bu klub mənə ailə olub. Klub prezidenti Sadıq Sadıqova çox böyük hörmətim var.

- Sizin mövqeyinizdə Mahir Şükürov çıxış edirdi. Yəqin ki, sabiq komandanın avrokubok oyunlarını televizor vasitəsilə izləmisiz. Mahir necə təsir bağışladı? Heç fikirləşdizmi ki, siz də olsaydız Avroliqada belə oynaya bilərdiz?
- Mahirlə yığmada da bir-birimizə rəqib olmuşuq. Çıxış etdiyim mövqedə onun oynaması məni üzmədi. Çünki əcnəbi yox, yerli futbolçudur. Oynadığı matçlarda əlindən gələni etdi. Özünü pis tərəfdən göstərmədi.

- Keçək “Dənizlispor”a. Hər bir futbolçu kimi sizin də Superliqada çıxış etmək arzularınız var. Ancaq komanda ilk 6 ay ərzində topladığı xallara görə 12-ci oldu. Bu isə komandanın birbaşa elitaya yüksəlmə şanslarının az olmasına dəlalət edir. Bu amil səni üzmür ki?
- Təbii ki, bu sırada olduğumuza görə təəssüflənirəm. Ancaq sizə deyim ki, ilk sırada olan komanda ilə aramızda xal fərqi cəmi 10-dur. Ona görə də pis olmuram. Hər şey qabaqdadır. Bizə pley-offa qatılmaq üçün ilk “altılığ”a düşmək lazımdır. Belə baxanda komanda yaxşıdır. Sadəcə, çox şanssızlıqlar oldu. Son dəqiqələrdə toplar buraxmasaydıq, bu yerdə olmazdıq.

- “Dənizlispor”da 15 oyun keçirmisiz. Bu müddətdə komanda qapısından eyni sayda top buraxıb. Müdafiənin mərkəzində yer alan futbolçu kimi orta hesabla hər oyuna 1 top buraxmağınız nə ilə əlaqədardır?
- Bizdə müdafiədə çoxlu dəyişikliklər oldu. Gənclər oynamağa başladı. Elə oldu ki, bu üzdən mənim ikinci oyunumda - 4-cü turda 4 top qapımızda gördük. Ancaq sonradan həmin gənc müdafiəçilər özlərini göstərməyə başladı. İndi onlara Türkiyənin U-19 və U-21-lərindən dəvət var. Son dəqiqələrdə qol buraxmağımızı isə sadəcə şanssızlıqla əlaqələndirirəm. Gözləmədiyimiz vəziyyətlərdən top buraxdıq. Bu da öz səhvlərimizdir.

- Bəs bu toplarda bir stopper kimi sizin səhviniz vardımı?
- Burda oyunlardan sonra edilən təhlillər klublarımızda olduğu kimi aparılmır. Berti Foqts yığmada necə analiz aparırsa, “Dənizlispor”da da eynidir. Yəni hamıya fərdi şəkildə səhvləri çatdırılır. Belə pis çıxmasın, qollarda mənim səhvim olmadı. Çünki mənə heç bir irad bildirilməyib. Bununla belə, deyərdim ki, hamının səhvi var. Deməzdim ki, bir futbolçu kimi mənim də səhvim yoxdur.

- Maraqlıdır ki, debütünüzü Cavid Hüseynovun “Adana Dəmirspor”una qarşı keçirdiz...
- Cavid mənim kiçik qardaşımdır. “Neftçi”də bir yerdə oynamışıq. Oyundan öncə bir az söhbət etdik. Cavid həmin matçda yaxşı təsir bağışladı. Buna görə sevindim. Digər tərəfdən də sevindim ki, komandam həmin matçda 2:0 hesabı ilə qələbə qazandı. Həmin vaxt baş məşqçimiz “Fənərbaxça”nın sabiq qapıçısı olmuş Engin hoca idi. İlk oyunum idi. İstəyirdim ki, özümü yaxşı tərəfdən göstərim. Şükür ki, hər şey yaxşı alındı. Yeri gəlmişkən, bu matçı Türkiyədə “Azəri derbisi” adlandırırdılar.

- Özünüz də, Bakıya gəlmiş baş meneceriniz Mehmet Ali Kəskinlər də açıqlamasında sizinlə “Kasımpaşa” və “Qaziantepspor”un maraqlandığını bildirmişdi. Bu məsələ nə yerdə qaldı?
- Mən “Dənizlispor”a məxsus olduğumdan, həmin klublar komandama müraciət edib. Klublar arasındakı danışıqlar isə çox məxfi şəkildə aparılır. Futbolçunun bundan xəbəri olmur. Sadəcə olaraq mənə menecerlər bu haqda məlumat vermişdi.

- Ölkəmizə dünən gəlmisiz. Bildiyimizə görə, gəlməzdən öncə Adanada test vermisiz...
- Belə test Azərbaycanda heç vaxt götürülməyib. Xüsusi aparatlar vasitəsilə futbolçuların ayaq gücü, çəkisi və s. göstəriciləri yoxlanılır. Oturduğun yerdə sənin ayaq gücünü müəyyənləşdirə bilir. Hələ belə test verməmişdim.

- Testin nəticəsini bilmədiz?
- Yox. Bunun nəticəsini heç kimə demirlər. Fizioterapevtimiz, bir də Amerikadan gəlmiş türkiyəli məşqçimiz nəticələri bilir.

- Komandada qalmağınız dəqiqləşib?
- Bu məsələ hələ dəqiq həllini tapmayıb. Ancaq yanvarın 2-də komandanın düşərgəsinə qoşulacam.

Səbuhi TOFİQOĞLU