Rikardo Karvalyo: Bu yaşda “Real”da oynamaq asan deyil
08.01.2013 - 05:26
Rikardo Karvalyo: Bu yaşda “Real”da oynamaq asan deyil
Madrid “Real”ının mərkəz müdafiəçisi Rikardo Karvalyo gələcək karyerası haqda açıqlama verib. Apasport.az saytının məlumatına görə, bu mövsüm meydana çıxmaqda çətinlik çəkən 34 yaşlı portuqaliyalı futbolçu “Kral klubu”ndan ayrılacağı təqdirdə Avropada qalacağını bildirib.

Təcrübəli müdafiəçi zədəsini sağaldıb meydana çıxmaq üçün hazır olduğunu vurğulayıb:

“Bu yaşda “Real”da oynamaq asan deyil. Komandaya minnətdaram. Amma buradan ayrılacağam. Uzun müddət zədəli olduğum üçün heyətdən uzaqda qaldım. Mən oynadığım klublarda həmişə ilk “11-lik”də meydana çıxardım və ehtiyatda qalmağa alışmamışam. Hazırda özümü yaxşı hiss edirəm. Artıq zədəmi də sağaltmışam və elə əsas olanda budur. Oynadığım vaxtlarda həmişə bunu düşünmüşəm. O vəziyyət mənə maraqlı gəlirdi. Karyeramı isə “Porto”da başa vurmaq istəyirəm. Əgər Madrid təmsilçisindən ayrılası olsam, yenə Avropa klublarında çıxış edəcəyəm. Çünki hələ özümü güclü hiss edirəm”.

Qeyd edək ki, Rikardo Karvalyo İspaniya La Liqasında XVIII turunda "Real Sosyedad”la (4:3) qarşılaşmada meydana ilk “11-lik”də çıxıb.