“Butulka sataram, amma Azərbaycan klubuna getmərəm”
08.01.2013 - 14:32
“Butulka sataram, amma Azərbaycan klubuna getmərəm”
Belarusda son illərin dəyişməz çempionu olan BATE klubunun məşqçisi Aleksandr Fedoroviç Azərbaycandan təklif alıb. Apasport.az saytının məlumatına görə, Borisov təmsilçisində qapıçılarla işləyən çalışdırıcı futbolçu karyerasını ölkəmizdə bitirmək istəməyib.

Belarus mətbuatına müsahibə verən 40 yaşlı mütəxəssis adını açıqlamadığı Azərbaycan klubundan cəlbedici təklif aldığını, lakin bundan imtina etdiyini bildirib: “Bir dəfə baş direktorumuz Anatoli Kapski mənə zəng vurub dedi ki, Azərbaycandan təklif var. Məsləhət gördü ki, gedib futbolçu karyeramın qürub çağında yaxşı pul qazanım. Mən fikirləşərək, zarafatla cavab verdim: Bağımda çoxlu boş butulka var. Onları təhvil verib pulu ilə birtəhər dolanaram. Kapski isə buna sərt reaksiya verdi. Dedi ki, səninlə ciddi danışmaq mümkün deyil. Amma xaricdə məni Azərbaycanla yanaşı, Qazaxıstandan da çağırırdılar”.

Qeyd edək ki, 1996-2007-ci illərdə şərəfini qoruduğu BATE-də çoxsaylı titullar qazanan Fedoroviç 2008-ci ildən orada məşqçi kimi çalışır.