Nuri Şahin yenidən Bundesliqada
12.01.2013 - 01:03
Nuri Şahin yenidən Bundesliqada
Dortmund “Borusiya”sı sabiq futbolçusunu heyətinə qatıb. Apasport.az saytının məlumatına görə, alman klubu Türkiyə milli komandasının üzvü Nuri Şahini icarəyə götürüb.

2011-ci ildə Bundesliqa təmsilçisindən Madrid “Real”ına transfer olunan gənc yarımmüdafiəçi 2013-2014 mövsümünün sonuna qədər Dortmund “Borusiya”sının şərəfini qoruyacaq. Artıq tərəflər arasında müqavilə də imzalanıb.

Bununla bağlı Nuri imza mərasimindən sonra açıqlama verib. O, Dortmund “Borusiya”sının heyətində nəyə qadir olduğunu bir daha göstərəcəyini bildirib:

“Yenidən evimdə olduğum üçün çox xoşbəxtəm. Həm “Real”da, həm də “Liverpul”da ehtiyatda qaldığım üçün məyus olurdum. Artıq futbol oynamaq istəyirəm. İkinci dövrədə yeni komandamın formasını geyinib, Nurinin necə bir futbolçu olduğunu sizlərə göstərəcəyəm”.

Qeyd edək ki, 24 yaşlı futbolçu 2011-ci ildə “Kral klubu”na 10 milyon avroya transfer olunub. Burada zədəli olduğu üçün əsas heyətdən kənarda qalan Şahin mövsümün sonunda “Liverpul”a icarəyə verilib. O, ingilis klubunda 7 dəfə meydana çıxıb və 3 qola imza atıb.