Rauf Əliyev: “Bakı”dan xəbər çıxmasa...
13.01.2013 - 15:31
Rauf Əliyev: “Bakı”dan xəbər çıxmasa...
“Bakı”dan xəbər gözləyirəm. Ümid edirəm ki, rəsmi müqavilənin imzalanmağı ilə bağlı mənə 1-2 günə cavab verəcəklər”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin futbolçusu Rauf Əliyev deyib.

“Qarabağ”la qış fasiləsində yollarını ayıran 23 yaşlı hücumçu “Bakı” ilə danışıqlar aparır. Ancaq "zolaqlılar"ın prezidenti Hafiz Məmmədov ölkə xaricində olduğundan transferin həlli gecikir.

Əliyev bildirib ki, gələn həftə gələcək karyerası ilə bağlı məsələni yekunlaşdırmaq fikrindədir: “1-2 gün "Bakı”dan cavab gözləyəcəyəm. Ola bilsin bu gün-sabah xəbər çıxdı. Alınmasa başqa klubla danışmalı olacağam. Çünki fevralın əvvəlində çempionat başlayacaq. İndi isə yanvarın ortasıdır və vaxt az qalıb. Futbolçu da komanda ilə hazırlıq keçməyəndə geri düşür. “Bakı” ilə söhbətimiz olandan, ilkin razılığa gələndən sonra rəsmi müqavilənin imzalanmasını gözləyirəm. Ancaq istər-istəməz vaxtın uzanması adamda narahatçılıq yaradır”.

Futbolçunun adı “Qəbələ” və “Xəzər Lənkəran” klubları ətrafında da hallanırdı. Belə çıxır ki, “Bakı”ya keçidi alınmayacağı halda Rauf əyalət təmsilçilərindən biri ilə danışıqlar aparacaq: “Bakı” variantı alınmasa, xaricə getməyi düşünürəm. Xaricdən təklifim var. Amma bu haqda konkret danışmaq istəmirəm".