“Xəzər”ə transferim rezonans yaratdı”
18.01.2013 - 15:22
“Xəzər”ə transferim rezonans yaratdı”
“Xəzər Lənkəran”ın türkiyəli futbolçusu Gökhan Güləçin apasport.az saytına müsahibəsi

- “Xəzər Lənkəran”la hələ ötən ayın sonunda müqavilə bağlasanız da, komanda ilə tanışlığınız Antalyadakı təlim-məşq toplanışında oldu. İşləriniz necədir?
- Şükür, yaxşıdır. Artıq bir neçə gündür hazırlığa başlamışıq. Məşqlərimiz yaxşı keçir. “Xəzər Lənkəran”da məni yaxşı qəbul etdilər və tez uyğunlaşa bildim. Heç bir problemimiz yoxdur.

- İspaniyalı baş məşqçi Karles Bakeslə tanış olmaq imkanınız yarandı. Onun haqda təəssüratlarınız necədir?
- Bakeslə yeni tanış olduq. Çox gözəl məşqlər keçir. Onun rəhbərliyi altında zövqlə çalışırıq. İnanıram ki, bundan sonra da belə olacaq.

- “Beşiktaş” da daxil olmaqla, Türkiyədə bir sıra klublarda məşq keçmisiniz. Maraqlıdır, onların hazırlıq prosesini Azərbaycan komandası ilə müqayisə edəndə, hansı qənaətə gələrdiniz?
- Burda digər komandalarla üzləşmək imkanımız olmadığından, müqayisə etmək şansımız olmadı. Hər halda, “Xəzər Lənkəran”da məşqlər yüksək səviyyədə keçir. Mənim üçün əsas hazırlığın yaxşı keçməyidir. Hazırda məni hər şey razı salır.

- Komanda yoldaşlarınız, əsasən azərbaycanlı futbolçularla haqda nə düşünürsünüz?
- Bütün futbolçularla yaxşı münasibətlərim yaranıb. Azərbaycanlı futbolçularla tez dostlaşa bildim. Elnur, Rahid, Orxan, kiçik Elnur... Komandamızda 3 Elnur var. Azərbaycanda sanki bütün adlar Elnurdur (gülür).

- Düşərgənizə yeni transfer Uğur Pamuk gəlib. Onu da Türkiyəyə bağlılığı olduğundan, həmyerliniz saymaq olar. Maraqlıdır, əvvəldən onu tanıyırdınız?
- Yox. İlk dəfə “Xəzər Lənkəran”da tanış olduq. Tez də dostlaşdıq. Yaxşı futbolçu, yaxşı insandır. İnanıram ki, komandamız üçün faydalı transfer olacaq.

- Bəs “Xəzər Lənkəran”ın müqaviləsini uzatmadığı millimizin hücumçusu Branimir Subaşiçin gedişi ilə əsas heyətdə möhkəmlənmək şansının artdığını düşünmürsünüz?
- Mən onu tanımıram. Bilmirəm, kimdir, necə futbolçudur. Buna görə də ona qiymət verə bilmərəm. Mənim üçün əsas öz hazırlığım, öz oyunumdur.

- Artıq sabah Moldova “Rapid”i ilə matçla yoxlama oyunlarına başlayacaqsınız. Bu matçlara necə önəm verirsiniz?
- Fasilə dövründə yoxlama oyunları vacibdir. Bizə də mövsümün qalan hissəsinə yaxşı hazırlaşmaq üçün sınaq matçlarda özümüzü yaxşı tərəfdən göstərmək önəmlidir. Bu oyunlarda görəcəyik ki, əskiklərimiz nədir, nəyin üzərində çalışmalıyıq. Bu mənada sabah keçirəcəyimiz ilk oyuna ciddi önəm veririk.

- Sizin üçün vətəninizdə hazırlıq keçmək daha zövq verməlidir. “Xəzər Lənkəran”a keçəndən sonra Türkiyədə sizə, komandanıza nə dərəcədə maraq göstərirlər?
- Burada mənə qarşı maraq var. Mən deyərdim ki, transferim Türkiyədə rezonans yaratdı. “Xəzər Lənkəran”ın futbolçusu olandan sonra komandaya daha da maraq göstərməyə başlayıblar.

Mehman SÜLEYMANOV