“Turan”da gürcü yarımmüdafiəçi
18.01.2013 - 16:33
“Turan”da gürcü yarımmüdafiəçi
Qış fasiləsində hazırlığını ölkə daxilində davam etdirən “Turan”ın heyətinə yeni futbolçu gəlib. Apasport.az saytının məlumatına görə, Tovuz təmsilçisi gürcüstanlı David Dzanelidzeni baxışa çağırıb.

23 yaşlı yarımmüdafiəçinin komandada qalıb-qalmayacağına “Kəpəz”in əvəzediciləri ilə sabah keçiriləcək oyundan sonra qərar veriləcək.

Hələ də komanda ilə məşq edən Aleksandr Krutskeviç başqa klublardan təklif aldığından onun gedişi gözlənilir. Onun kimi Qoqi Pipianın məsələsi də tam aydınlaşmayıb. Marius Kazlauskas, Ruslan Zubkov, Hafiz Əliyevin komandadan ayrıldığı isə artıq dəqiqləşib.

Mövsümün arxada qalan hissəsində özünü yaxşı tərəfdən göstərən Salif Ballonu komandada saxlayıb, İrakli Berayanı geri qaytaran tovuzlular baxışda olan yenilərlə bağlı seçim edir. Sınanan yerli gənclər, ukraynalı legionerlər, həmçinin Vüsal Hüseynovun da taleyinə Gəncədəki yoxlama oyunu aydınlıq gətirə bilər.

Qeyd edək ki, hazırlığın 2-ci mərhələsini yanvarın 20-dən 27-dək keçirəcək “Turan” həmin müddətdə Gürcüstana yollanmağı planlaşdırıb. Bu baş tutmayacağı halda, komanda Bakıda hazırlaşacaq.