“Pul yoxdursa, necə can yandıraq?” - MÜSAHİBƏ
18.01.2013 - 17:35
“Pul yoxdursa, necə can yandıraq?” - MÜSAHİBƏ
“Turan” klubunun yarımmüdafiəçisi Ender Günlünün apasport.az saytına müsahibəsi

- İstirahəti necə keçirdiz?
- Fransaya yollanmışdım. Komanda 5 gün əvvəl bir araya gəlib. Mən isə Tovuza bu gün gəldim.

- Komandaya gec qoşulacağınla bağlı əvvəlcədən rəhbərliyi xəbərdar etmişdinizmi?
- Bəli, bilirdilər. Fransada ailəmin yanında idim. Bir il idi onları görmürdüm. Atam, anam, qardaşlarım orada yaşayır.

- Komandadan ayrılarkən, geri dönməyəcəyiniz deyilirdi...
- Əslində, dönməyə bilərdim. Eşitdiyimə görə, təklif var idi. Ancaq “Turan” rəhbərliyi qarşı tərəfdən çox pul istədiyi üçün transferimiz alınmadı.

- Sizinlə danışmışdılar, yoxsa kluba müraciət etmişdilər?
- Kluba müraciət ediblər. Ancaq pul məsələsində anlaşmayıblar. Bizə görə onlardan çox pul tələb olunub. Adlarını hələ çəkmək istəmirəm. Rəhbərlik desə yaxşıdır.

- Sizinlə AZAL və “Qəbələ”nin maraqlandığı deyilir...
- Doğrudur.

- Nə qədər pul istədiklərini deyə bilərsinizmi?
- Eşitdiyimə görə, Salif Balloya görə qarşı tərəfdən 100 min dollar istənilib. Mənə görə də bu qədər pul tələb olunub. Fərid Quliyev də getmək istəyir, amma buraxmırlar. Bu gedişlə məcburuq ilin sonuna qədər komandada qalaq.

- Türkiyədən necə, maraqlanan var idi?
- Fransa, İsveçrə və Türkiyə klublarından da istəyənlər var. Hələ Namiq Məstanovla görüşə bilməmişəm. “Transfer pəncərəsi” bağlananadək başqa kluba keçə bilərəm.

- Belə çıxır ki, “Turan”da qalsanız da, könlünüz başqa klubda olacaq.
- Bəli, burada qalsaq da, başqa klub haqda düşünəcəyik. Burada qalmaq çox çətindir. 4-5 ay çətin keçdi. Gedəcəyimizi düşünürdük, amma alınmadı.

- Çətinlik deyərkən, nəyi nəzərdə tutursunuz?
- Hər şey pis vəziyyətdədir. Stadion, məşq meydançası pisdir. Komandada pul problemi var. Uduruq, mükafat vermirlər. Çox bərbad meydançada hazırlaşırıq.

- Komandaya gələndə bu çətinliklərin olacağını bilmirdiniz?
- Bilirdim, amma bu dərəcədə yox. İndi də olmasa, yayda mütləq başqa kluba keçəcəm.

- Bu əhval-ruhiyyə ilə oyunlara hazırlaşa biləcəksiniz?
- Mənim də, Ballonun da əhval-ruhiyyəmiz çox pisdir. Demişdilər ki, komandaya kömək edin, qışda təklif olsa, buraxacağıq. Biz də komandaya yardım etdik, ancaq buraxmırlar. Pul vermirlər, komandaya necə can yandıraq?