Əvəzolunmaz Arif Əsədov, klub tarixinin bombardiri Vladislav Qədirov
08.02.2013 - 10:36
Əvəzolunmaz Arif Əsədov, klub tarixinin bombardiri Vladislav Qədirov
Azərbaycan milli komandasının sabiq futbolçuları Arif Əsədovla Vladislav Qədirov Ukrayna mətbuatının diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, sabiq SSRİ futbolunun tarixi haqqında silsilə yazılar hazırlayan www.euro.com.ua portalı vaxtilə hamımızın azarkeşlik etdiyi yığmaların çıxışını yada salıb.

Ukraynalıların son yazısı 1987-ci ildə Kanadada dünya çempionu adını qazanan SSRİ-nin U-17-nin uğurundan bəhs edib. Onlar mundialın qızıl medalını ölkəmizə gətirən Azərbaycan futbolunun yetirmələrinə də yer veriblər. Əsədovla Qədirovu xüsusi vurğulayan həmkarlarımız Vladislav Lemiş haqda ötəri xatırlatma ilə kifayətlənib.

Ukraynalılar Əsədovun mundialdan sonrakı taleyinə toxunub: “Azərbaycan “Neftçi”sinin tarixində ən ayxşı müdafiəçilərdən olan arif Əsədov yığmadakı bütün oyunları əvəzolunmadan keçirdik. Sonradan o, ikinci dərəcəli klublarda az oynamayacaq, sonda karyerasını doğma Azərbaycanda bitirəcəkdi. Əsədovun hesabında Azərbaycan yığmasında 50-yə yaxın oyun var. O, həmçinin baş məşqçi kimi “Neftçi”də çalışmaq təcrübəsinə malikdir ki, orada 1 mövsüm çalışıb”.

Millidə hücumçu kimi çıxış edən Qədirov da unudulmayıb: “Yığmada hücumçuların bolluğuna baxmayaraq Oleq Matveyevin ön xətdəki partnyoru Azərbaycan futbolunun yetirməsi Vladislav Qədirov idi. Azərbaycan gənclər yığmasının indiki baş məşqçisi özünü yalnız 1 klubda ulduz kimi göstərə bildi – bu da sadəcə “Saxalin”də. O vaxt 22 yaşı olan hücumçuya 2 mövsüm bəs etdi ki, klub tarixinin ən yaxşı bombardiri olsun. O, komandada keçirdiyi 74 oyuna 54 dəfə fərqləndi”.

Lemişin də heyətdə olmasına ötəri toxunan ukraynalılar Kanadadakı çempionatda onun meydanda az vaxt keçirməsini qeyd edib. Həmkarlarımız onun və digər az oynayanların xidmətlərinin olduğunu vurğulayıb.

Qeyd edək ki, ukraynalılar yazıda müəyyən xətalara yol verib. Əsədov “Neftçi”də 1 mövsüm deyil, daha çox çalışıb. Qədirov isə gənclər millisində məşqçi olmayıb.