Millimiz Rusiyada ikinci qələbəsini qazandı
08.02.2013 - 21:10
Millimiz Rusiyada ikinci qələbəsini qazandı
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Open Beach Soccer League 2013” turnirində üçüncü oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Bəhram Hətəmovun yetirmələri Rusiyanın ELMONT klubu ilə qarşılaşıb.

Matçda yığmamız 5:3 hesabı ilə qələbə qazanıb. Millimizin heyətində hərəyə bir dəfə Vaqif Şirinbəyov, Comərd Baxşəliyev və Zeynal Zeynalov fərqlənib. Orxan Məmmədov isə dubl edib.

Qrupumuzda bu gün keçirilən digər oyunda isə “Qolden” “Podvodnik”i 3:2 hesabı ilə məğlub edib.

Beləliklə, 3 oyundan sonra “Qolden” 6 xalla A qrupuna başçılıq edir. Aktivində 5 xal olan Azərbaycan 2-ci pillədə qərarlaşıb. Hərəyə 3 xal toplayan “Podvodnik”lə ELMONT müvafiq olaraq 3-4-cü yerləri tuturlar.

Qeyd edək ki, yığmamız ilk oyunda Rusiyanın “Podvodnik” klubunu 5:1 hesabı ilə üstələmişdir. İkinci oyunda isə “Qolden”ə 0:2 hesabı ilə uduzmuşdu.
0