Nəziri “Metallurq”a qarşı oynadı, BATE ilə görüşdə ehtiyatda qaldı
11.02.2013 - 14:37
Nəziri “Metallurq”a qarşı oynadı, BATE ilə görüşdə ehtiyatda qaldı
Milli komandamızın üzvü Elhad Nəziri şərəfini qoruduğu Moldovanın “Milsami” klubu ilə birgə Antalyadakı hazırlıqlarda iştirak edir. Apasport.az saytının məlumatına görə, Nəziri yığmanın Dubay toplanışından qayıtdıqdan sonra klubunda ilk yoxlama matçına çıxıb.

Belə ki, “Milsami”nin Özbəkistan “Metallurq”u ilə matçında Elhad start heyətində yer alıb. Ancaq Bekabad təmsilçisinin 20 və 33-cü dəqiqələrdə hesabı açması mərkəz müdafiəçisi oynayan Nəzirinin fasilədə əvəzlənməsinə səbəb olub. Futbolçumuz “Milsami”nin onun yerinə əsas heyət üzvü kimi gətirdiyi nigeriyalı Ovye Mandeylə əvəzlənib.

Dünən baş məşqçi Ştefan Stoyka bu həftə Avroliqada “Fənərbaxça” ilə görüşəcək BATE ilə matçda isə əsas heyət üzvlərinə şans verib. Bu üzdən Elhad meydana çıxmayıb. Görüş isə qolsuz bərabərliklə nəticələnib.

Qeyd edək ki, Elhadın komandası Antalyada ilk yoxlama oyununu fevralın 1-də “Qəbələ”yə qarşı keçirib. Nəziri millinin düşərgəsində olduğundan, 2:2 hesabı ilə başa çatan matçda iştirak etməmişdi.