Marius Pena: AZAL-ı tanımıram, amma - MÜSAHİBƏ
14.02.2013 - 14:53
Marius Pena: AZAL-ı tanımıram, amma - MÜSAHİBƏ
“Bakı” klubunun yeni transferi, rumıniyalı hücumçu Marius Penanın apasport.az saytına müsahibəsi

- Sizin üçün yeni komandada adaptasiya prosesinin başa çatdığını düşünmək olarmı?
- Əlbəttə. Qol vurmağım artıq komandaya tam uyğunlaşmağımın göstəricisidir. Mehriban kollektivimiz var.

- Ardıcıl 2 görüşdə 2 qol vurdunuz. Potensialınızdan tam istifadə edə bilirsinizmi? “Bakı”nın arxada qalan 2 oyununu necə dəyərləndirirsiniz?
- Turnir cədvəlinə diqqət yetirdikdə, ilk “altılığ”a düşmək baxımından vəziyyətimizin çətin olduğu aydın görünür. Hər bir oyuna ciddi yanaşmalı, qələbə qazanmalıyıq. Ötən turda heç-heçə etməklə, vacib 2 xal itirdik. Ona görə də “Turan”la qarşılaşmaya final ab-havasında çıxmışdıq. Mütləq 3 xal əldə etməli idik. Məqsədimizə nail olduğumuza görə məmnunam və artıq növbəti matç haqda düşünürük.

- Şənbə günü AZAL-la qarşılaşacaqsınız. Şansları necə dəyərləndirirsiniz?
- Bizim üçün çox vacib oyundur. Qələbə qazanacağımız təqdirdə ilk “altılığ”a yüksəlmək şansımız artacaq. Təbii ki, meydana ancaq buna nail olmaq üçün çıxacağıq. Düzdür, rəqibi tanımıram, oyununu görməmişəm. Kimlə qarşılaşacağımız önəmli deyil. Vacib olan bizim öz oyunumuzu ortaya qoymağımızdır. Bunu edə bilsək, qələbə qazanacağıq.

- “Bakı”da oyununuzun belə məhsuldar alınacağını gözləyirdinizmi?
- Əslində, yox. Ancaq hücumçuyam və işim qol vurmaqdır. Oyun ərzində yaradılan şanslardan maksimum istifadə etməliyik. Vurduğum qollara görə komanda yoldaşlarıma təşəkkür edirəm. Onlarsız heç nə edə bilmərəm.

- Premyer Liqa sizdə hansı təəssüratlar yaratdı?
- Yaxşı, səviyyəli çempionatdır. Güclü klublarınız var, hansı ki, onların heyətində səviyyəli oyunçular cəmləşib. Oyunlar çox sərt keçir. Futbolçular üçün hər cür şərait yaradılıb.
0