311 gündən sonra qayıdış və məhsuldar ötürmə
16.02.2013 - 16:11
311 gündən sonra qayıdış və məhsuldar ötürmə
Azərbaycan milli komandasının futbolçusu Cavid Hüseynov Topaz Premyer Liqasına qayıdıb. Apasport.az saytının məlumatına görə, bu, qış fasiləsində Türkiyənin “Adana Dəmirspor” klubu ilə müqaviləsini pozan 24 yaşlı yarımmüdafiəçinin “Bakı”nıln heyətində rəsmi debütü ilə gerçəkləşib.

O, AZAL-la ev oyununun 2-ci hissəsinin ortasında Rəhman Həsənovu əvəzləyərək, daha çox oynadığı yarımmüdafiənin sağ cinahında yer alıb. Hüseynov keçmiş komandası ilə matçda 2-ci qolda məhsuldar ötürməsi ilə iştirak edərək, komandasının 2:0 hesablı qələbəsində iştirak edib.

Hüseynov karyerasını yenidən Vətəndə davam etdirməklə, 311 günlük fasilədən sonra qayıdışını qeyd edib. O, sonuncu dəfə “Neftçi”nin heyətində ötən mövsümün son turunda – mayın 11-də “Qəbələ”yə evdə 0:1 hesabı ilə uduzduqları matçda iştirak etmişdi. “Neftçi”nin müqaviləsini uzatmadığı yarımmüdafiəçi karyerasını ilk dəfə ölkə kənarında – Türkiyənin I liqasında davam etdirmişdi.

Qeyd edək ki, Hüseynov “İnter”in heyətində 1, “Neftçi” ilə 2 dəfə ölkə çempionu olub.