“Bakı” - AZAL matçında sürət görmədim”
18.02.2013 - 13:33
“Bakı” - AZAL matçında sürət görmədim”
Azərbaycan yığmasının sabiq baş məşqçisi İqor Ponomaryovun apasport.az saytına müsahibəsi

- İsveçdə yaşayan İqor Ponomaryovun Bakıya növbəti səfərində xüsusi məqsədi varmı?
- Yox. Sadəcə, Vətənə gəlmişəm. Gəlmişəm ki, yaxınlarıma baş çəkim, dostlarımla görüşüm, ünsiyyət qurum. Adi səfərlərdən biridi.

- Bildiyimizə görə qışda Kanar adalarına yollanmışdınız...
- Bəli. Ötən ay orada dincəldim, fevralda isə Bakıya gəldim (gülür). Yaxınlarım, dostlarım üçün darıxdım və onları görmək istədim.

- Sirr deyilsə, artıq geriyə bilet almısınız, yoxsa...?
- Almışam. Həftəsonu qayıdacam.

- Premyer Liqanın hesabat turunda stadiondan izlədiyiniz “Bakı” - AZAL və “İnter” - “Qəbələ” oyunlarını necə dəyərləndirərdiniz?
- “Bakı” ilə AZAL “altılığ”a vəsiqə uğrunda mübarizə aparırdı. Təbii ki, oyunun keyfiyyətinin daha yaxşı olmağını arzulayırdım. İzlədiyim ikinci matç bu cəhətdən daha yaxşı idi. “Qəbələ” uduzsa da, pis oynamadı. Çıxışı xoşuma gəldi. “İnter” isə oyun planında daha intizamlı idi. “Qəbələ” qol buraxandan sonra yaxşı oynamağa başladı, təşəbbüsə malik idi. Ancaq ikinci hissədə nəsə “oturdular” və əks-hücumda qol buraxdılar. Əlbəttə, belə qollar buraxmaq olmaz.

- Ümumiyyətlə, uzun müddət izləmədiyiniz ölkə çempionatı sizdə hansı təəssürat oyatdı?
- Məsələn, “Bakı” – AZAL matçında sürət görmədim. “İnter” – “Qəbələ” oyununda bu baxımdan vəziyyət bir az yaxşı idi. Topa yaxşı nəzarət edir, kombinasiyalı oynayırdılar. Ancaq istənilən halda, komandaların hücuma daha çox getməyini istəyirsən. İndi futbol günü-gündən inkişaf edir və komandalarımızın Avropa səviyyədə inamlı təsir bağışlamalarını arzulayırsan. Ancaq məncə, hələ bu planda çətindir.

- Hazırda lider “İnter” çempionluğa əsas namizəd sayılır. Bu komandanın oyununa necə qiymət verərdiniz?
- İntizamlı komandadır. Hər kəs meydanda üzərinə düşən işi bilir, yaxşı yerinə yetirir. Hazırda “Neftçi”nin hansı vəziyyətdə olduğunu bilmirəm. Çünki oyununu görməmişəm. Ola bilsin yaxşıdır. Hər halda, 2-ci yerə yüksəlib. “İnter”lə “Neftçi” arasında növbəti turda oyun var ki, bunun çempionluq yolunda həlledici olacağı birmənalıdır.

- Bəs “altılıq” uğrunda hansı komandaların şansını az sayırsınız?
- Məncə, “Qəbələ” ilə AZAL-ın şansı azdır. Əgər “Qəbələ” “İnter”lə heç-heçə etsəydi, artıq demək olar “altılıq”da idi. Ancaq həm “Qəbələ”, həm də AZAL uduzduğundan, çox az şansları var.

- Ancaq onu da nəzərə alaq ki, “Qəbələ” hazırda “Xəzər Lənkəran”la “Bakı”nı qabaqlayır...
- Xallar bərabər olanda, şəxsi oyunlar əsas götürülür. Biz şanslardan danışırıq. Ancaq eyni zamanda, bu, futboldur və “Qəbələ” xal yığa, rəqibləri isə itirə bilər. Buna görə də heç kimə “boşalmaz” olmaz. Son 2 tur hər şeyi müəyyənləşəcək.

- Artıq 3 ildir məşqçilikdən kənarda qalmısınız. Hər dəfə hansısa klubun oyununu izləyəndə, baş məşqçisi postuna gəlişinizlə bağlı söz-söhbətlər gəzir. Bu məsələ nə vaxt reallaşacaq?
- Şəxsi planda hər şey qaydasındadır, yaşayıram. Öz işlərim var və bunu görməkdə davam edirəm. Mən müxtəlif layihələrlə məşğul olmuşam, ancaq hələlik məşqçiliklə yox. İndi gələcək haqda danışmaq istəmirəm, görək necə olacaq.

- AZAL kimi komandalar “altılığ”a düşmədiyindən, ölkə kubokundan kənarda qaldığından, növbəti mövsümə dəyişiklərlə başlaya bilərlər. Belə variantlar olarsa, təklif gözləyirsiniz?
- Hər şey ola bilər. Mənin qapım hamının üzünə açıqdır. Əgər kimsə mənimlə maraqlanırsa, təklifi nəzərdən keçirə bilərəm. Sadəcə, bunun hansı komanda olacağını demək mən tərəfdən etik cəhətdən düzgün deyil. Çünki mənə nə bu, nə də digər komandadan heç bir zəng olmayıb.

- Bu haqda düşünmüsünüz ki, niyə sizə zəng edib, təklif göndərmirlər? Hər halda, siz futbolda yeganə Olimpiya çempionumuzsunuz...
- (gülür) Bilmirəm. Mənə bu haqda bir şey demək çətindir.

- Sizcə, uzun müddət işsiz qalandan sonra yaxşı təklif ala bilərsiniz? Bəlkə yaxşı təklif ümidi ilə hələ gözləyirsiniz?
- Mən heç nə axtarmıram, sakitcə həyatımı yaşayıram.

Mehman SÜLEYMANOV
0