Rusiya mətbuatı: “Neftçi”nin qisasını “Atletiko” almalıdır
20.02.2013 - 11:40
Rusiya mətbuatı: “Neftçi”nin qisasını “Atletiko” almalıdır
Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində sabah baş tutacaq “Rubin” (Rusiya) – “Atletiko” (İspaniya) qarşılaşması rusiyalı həmkarlarımızın maraq dairəsindədir. Apasport.az saytının məlumatına görə, şimal qonşularımız görüşü müəyyən mənada Azərbaycanla da bağlayıblar.

Madrid təmsilçisinin titul sponsorunun “Land of Fire Azerbaijan” olmasını əsas gətirən rusiyalılar görüşün bizim üçün qisas anı olduğunu düşünür.

Buna səbəb isə “Rubin”in qrup mərhələsində Azərbaycan çempionu “Neftçi”yə hər 2 qarşılaşmada gücünü göstərməsidir. Eyni zamanda qeyd olunur ki, bu reklam “Atletiko” üçün o qədər də düşərli deyil: “Atletiko”nun sayəsində azərbaycanlıların əla şansı yaranıb ki, “Neftçi” üzərində qələbələrə görə “Rubin”dən qisas alsınlar. Amma bir məqam da var ki, yeni loqotiplə hər turnirə “Atletiko” eyni – 0:2 hesablı məğlubiyyətlə başlayır. İspaniya çempionatında bu məğlubiyyət “Real”dan, Avropa Liqasında isə “Rubin”dən”.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi Ruslan Abışov da hazırda “Rubin”in düşərgəsindədir.