Araz Ronaldodan yaxşı qaçırmış! - STATİSTİKA
20.02.2013 - 18:38
Araz Ronaldodan yaxşı qaçırmış! - STATİSTİKA
“Neftçi” Azərbaycanda “ilkə” imza atmaqla, futbolçularının bir görüş ərzində qət etdiyi məsafə ilə bağlı araşdırma aparıb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının IV turundan AZAL-la təxirə salınan matçın statistik göstəricilərini “ağ-qaralar” üçün hazırlayan xarici şirkət çempionla bağlı maraqlı faktlar açıqlayıb.

Klubun rəsmi saytı tərəfindən də açıqlanan siyahıdan məlum olur ki, “Neftçi”nin 6 üzvü 90 dəqiqə ərzində 10 km-dən də çox qaçıb. Bu rəqəmlər ölkədə müəyyən əks-sədaya səbəb olub. Gənc futbolçu Araz Abdullayev isə ümumiyyətlə, fantastik nailiyyət göstərib. Ən yaxşı olan yarımmüdafiəçi 12555 m qət edib.

“Neftçi”nin ilk “6-lığ”ı
1. Araz Abdullayev – 12.555
2. Rəşad Sadiqov – 12.082
3. Flavinyo – 11.920
4. Erik Ramos – 11.577
5. Mahir Şükürov – 10.664
6. Nikolas Kanales – 10.182

“Neftçi”nin oyunçularının göstəricilərinə şərh vermədən ən yaxşı 6 üzvünü böyük klubların böyük futbolçuları ilə müqayisə etməyə qərar verdik. Bunun üçün dünyanın nəhəng klubları – “Barselona” və “Real” üzvlərinin Çempionlar Liqasının cari mövsümündəki göstəricilərinə nəzər salaq.

Bu komandaların heyətində üst-üstə 11 futbolçu keçirdiyi oyun sayından asılı olmayaraq, 40 km-i arxada qoyub. Orta göstəricidə isə onlardan yalnız dördü 10 km göstəricisini keçib. Bunlar Xordi Alba, Xavi Ernandes, Kriştianu Ronaldo və Dani Alveşdir.

Bunlardan ən yaxşısı olan Alba “Neftçi”də yalnız 4-cü olardı. Əfsanəvi Lionel Messi isə bu rəqəmlərə əsasən “Neftçi”yə layiq deyil. Araz onu az qala 2 dəfə - daha dəqiqi 71 faiz qabaqlayır.

“Barselona”
Xordi Alba – 11.720 (4 oyuna 46.879)
Xavi Ernandes – 11.317 (5 oyuna 56.552)
Dani Alveş – 10.033 (4 oyuna 40.131)
Pedro Rodriges – 8.457 (6 oyuna 50.747)
Lionel Messi – 7.338 (6 oyuna 44.027)

“Real”
Kriştianu Ronaldo – 10.099 (7 oyuna 70.696)
Anhel di Mariya – 9.154 (6 oyuna 54.921)
Sami Xedira – 8.248 (6 oyuna 49.487)
Pepe – 8.285 (7 oyuna 57.997)
Məsut Özil – 8.237 (5 oyuna 41.184)
Kərim Benzema – 7.990 (5 oyuna 47.942)

Qeyd edək ki, Çempionlar Liqasının cari mövsümünün mütləq rekordu (3-dən çox oyun keçirənlər üçün) “Ayaks”ın danimarkalı oyunçusu Kristian Eriksenə məxsusdur. Elə yalnız bu şimallı futbolçu Arazı arxada qoyur – orta hesabla 13.031 (6 oyuna 78.186).