“Bakcell Arena” dünyada necə tanınacaq?
21.02.2013 - 15:13
“Bakcell Arena” dünyada necə tanınacaq?
Moskvanın “Spartak” klubu beynəlxalq oyunlarını keçirdiyi zaman stadionu “Otkrıtie-Spartak” adlanmayacaq. “Orkrıtie” bankı ilə sponsorluq müqaviləsi imzalayaraq stadionunun adını satan Moskva təmsilçisi FİFA və UEFA-nın sərt tələbləri ilə qarşılaşıb. Belə ki, mövcud qaydalara əsasən arena reklam şirkətinin adını daşıya bilməz.

Apasport.az saytının məlumatına görə, bu qaydalar Azərbaycandakı stadionlara da tətbiq oluna bilər. Belə ki, reklam məqsədilə adını “Bakcell Arena”ya dəyişən 8-ci km stadionunu da eyni aqibət gözləyir.

Azərbaycan milli komandasının DÇ-2014-ün seçmə mərhələsində keçirəcəyi Lüksemburqla iyunun 7-dəki qarşılaşma “Bakcell Arena”ya təyin olunub. Lakin FİFA və UEFA bu matçı 8-ci km stadionunda baş tutmuş kimi hesab edəcək. Bu da qaydalara müvafiqdir. Çünki adını hansısa şirkətə satan arenalar yalnız daxili yarışlarda bu reklamı gerçəkləşdirə bilər. UEFA və FİFA isə buna icazə vermir.

Düzdür, müəyyən istisna var. Belə ki, yalnız dünya və Avropa futbol qurumlarının rəsmi sponsor və partnyorları olan şirkətlər hansısa stadiona adını verə bilər. Belə şirkətlər arasında isə “Qazprom”, “Sony” kimi nəhənglər də var. “Bakcell” isə yalnız ölkəmizdə keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatının tərəfdaşlarından biridir.

Millimiz kimi digər komandalarımız da “Bakcell Arena”dan avrokuboklar zamanı yalnız köhnə adı ilə istifadə edə biləcək. Əslində, eyni halla dünyanın bir çox nəhəngləri də üzləşib. Bütün dünyanın “Emirates” kimi tanıdığı stadionda çıxış edən “Arsenal”ın avrokuboklardakı ev oyunları “Arsenal stadium”da oynayır.

Bunlar eyni stadionun adları olsa da, biri UEFA və FİFA-nın tanıdığı addır. Elə “Mançester Siti”nin stadionunun “Etihad” şirkətinə satılması da FİFA və UEFA-nın vecinə deyil. Bu arena beynəlxalq qurumlarda “Siti of Mançester stadium” kimi qəbul olunur. Avropada onlarla belə stadion var ki, 2 adla tanınır: FİFA və UEFA bir, milli assosiasiyalar başqa adla.

İl yarım əvvəl sponsor adı ilə bağlı problemlə ölkəmizdə də qarşılaşan olmuşdu. Avropa Liqasına yüksələn AZAL klubunun sponsorunun adını daşıması FİFA və UEFA qaydaları çərçivəsində olmamışdı. Bu üzdən Avropa futbol qurumu təmsilçimizi yarış boyu klubun köhnə adı - “Olimpik Şüvəlan” kimi tanıdı.

Lakin maraqlı məqam o oldu ki, komandanın çıxış etdiyi “AZAL Arena” UEFA tərəfindən tanındı. Baxmayaraq ki, bu ad da sponsorun adı ilə bağlıdır. Bunun səbəbi isə odur ki, “Bakcell Arena”, “Emirates” və “Etihad”dan fərqli, “AZAL Arena” inşa olunduğu gündən bu adı daşıyıb. Yəni təməli elə “AZAL Arena” kimi qoyulub və sonradan adını hansısa şirkətə satmayıb. Bu üzdən də UEFA-nın tanıması üçün köhnə ad da yox idi.

Bütün bunlara baxmayaraq, Topaz Premyer Liqasının oyunlarında bu stadion “Bakcell Arena” adlanacaq və bu şirkətin ölkə futboluna dəstəyinin göstəricisidir.