“Altılığ”ın qapısını “Xəzər Lənkəran”la oyunda açmalıyıq” - MÜSAHİBƏ
22.02.2013 - 11:27
“Altılığ”ın qapısını “Xəzər Lənkəran”la oyunda açmalıyıq” - MÜSAHİBƏ
“Qəbələ”nin kapitanı Rəşad Abdullayevin apasport.az saytına müsahibəsi


- Sabah “Xəzər Lənkəran”la “altılığ”a düşmək uğrunda mübarizədə çox vacib oyuna çıxacaqsınız. Komandada ötən turda “İnter”ə məğlubiyyətdən sonra psixoloji durum necədir?
- Məğlubiyyətdən sonra futbolçularımızda psixoloji durumda bir az problem vardı. Çünki qalib gəlməli olduğumuz oyunda məğlub olduq. İndi şükür Allaha hər şey yaxşıdır. Komanda toparlanıb və ən vacib oyunlarımızdan biridir. Onlara da xal lazımdır, bizə də. Evdə oynayırıq və bu cəhətdən bir az üstünlüyümüz var. Çalışacağıq ki, 100 faiz qələbə qazanaq. Çünki bizim son şanslarımızdan biridir. Lənkəranlılarla oyunda qalib gəlsək, artıq vəsiqəni təmin edəcəyik.

- Hələ qış fasiləsində bir çoxları belə düşünürdü ki, “Qəbələ” demək olar “altılıq”dadır. Ancaq fasilədən sonra keçirdiyiniz 2 oyunda qalib gəlməyərək, 5 xal itirməyinizlə işinizi çətinləşdirdiniz. Bunun səbəbi nədə görürsünüz?
- 3 xallıq sistem elədir ki, gərək rahatlaşmayasan. Şəxsən mən qış fasiləsində hələ dəqiq bilmirdim ki, “altılıq”da yerimizi təmin etmişik, yoxsa yox. Çünki qabaqda 4 çətin oyunumuz vardı və onlarda gərək 100 faiz qələbə qazanardıq. Heç olmasa ilk 2 oyunda 4 xal götürsəydik, vəsiqəni təmin edəcəkdik. Ancaq elə oldu i, 2 matçda 1 xal qazanmışıq və bu, yetərli deyil. Buna görə sabah qələbə qazanmağa çalışacağıq ki, “altılığ”ın qapısını üzümüzə açaq. Bizə xallar da lazımdır ki, mükafatlar uğrunda mübarizə apara bilək.

- İndi daha çox müzakirə olunan məsələ “Qəbələ”, “Xəzər Lənkəran” və “Bakı”dan hansının kənarda qalacağıdır. Komandanızı rəqiblərdən irəlidə olduğuna görə daha şanslı sayırsınız?
- Hər şey “Xəzər Lənkəran”la oyundan asılı olacaq. Bizdə şans ona görə yüksək dəyərləndirilə bilər ki, evdə oynayırıq və xal ehtiyatımız rəqiblərimizdən bir az çoxdur. Ancaq yenə də bilmək olmaz, bu, futboldur. Biz gərək qarşıdakı oyunda 100 faiz nəticəni həll edək.

- Sizcə, sonda kim kənarda qalacaq?
- Məncə, AZAL-ı da hesabdan silmək olmaz. Kimsə xal itirər, bu komanda da son oyunda qələbə qazanar. Üstəlik, bizim AZAL-la son turda oyunumuz qalıb. Biz məhz “Xəzər Lənkəran”la oyunda məsələni həll etməyə çalışırıq ki, işimizi sonraya saxlayaq. Qalib gəlsək, komandada motivasiya qalxacaq və “altılığ”a rahat girəcəyik. “Xəzər Lənkəran”ın “Bakı”dan xalı çox olduğundan, vəziyyəti daha yaxşıdır.

- “Qəbələ” liderlərdən qrupundan xeyli aralı düşüb. İndiki vəziyyətdə mükafatçılar sırasına düşməyiniz çətin olmayacaq ki?
- Biz “İnter”ə qalib gəlsəydik, liderlərə daha yaxınlaşardıq. Ancaq qismət belə gətirdi ki, irəli gedə bilmədik. İndi gərək heç olmasa son 2 oyunumuzda yaxşı nəticə qazanaq ki, liderlər qrupundan çox geri düşməyək. Qarşımıza tək “altılığ”a düşmək məqsədi qoyulmayıb. Mükafatlar uğrunda mübarizə aparmaq üçün yetərincə xal ehtiyatın olmalıdır. Bu üzdən son 2 oyunda qalib gəlməliyik ki, xal ehtiyatımız yüksək yerlər uğrunda mübarizə aparmağa imkan versin.

- Siz uzun illər “Xəzər Lənkəran”da çıxış edərək, onun heyətində ən çox oyun keçirən futbolçulardan olmusunuz, çoxlu mükafatlar qazanmısınız. Bu komanda ilə oyun gələndə, özünüzü xüsusi kökləyirsiniz, yoxsa?
- Mənim üçün istər-istəməz adi oyun olmur. Çünki “Xəzər Lənkəran”da yaxşı günlərim, yaxşı nailiyyətlərim olub. Hətta Lənkəran stadionuna çıxanda, nostalji hisslərə qapılıram. Ancaq bir rəqiblə oyuna çıxanda, konkret özümü yükləmirəm ki, bu, “Xəzər Lənkəran”dır, yoxsa başqası. Sadəcə, vacib oyun kimi özümü hazırlayıram. Belə komandaya qarşı oynamaq mənim üçün daha maraqlıdır. Bizə mütləq zal lazımdır və belə oyunlarda ilk növbədə liderlər özünü göstərməlidir.

- Hazırkı “Xəzər Lənkəran”ı siz oynadığınız komanda ilə müqayisə edəndə, hansı qənaətə gəlirsiniz?
- Komanda həmin vaxtla müqayisədə çox dəyişilib. Bizim dövrümüzdə Xəzər Lənkəran” çox güclü, başqa cür komanda idi. O vaxt fikirləşmirdi ki, “altılığ”a düşə bilər, yoxsa yox. İndi vəziyyəti elə çətindir ki, ilk növbədə ora düşməyə çalışır. Komandada çoxlu baş məşqçi dəyişikləri olub, xeyli futbolçu gedir, gəlir və bunun nəticəsində stabillik olmur.

Mehman SÜLEYMANOV