Marius Pena: Əminəm ki, növbəti mərhələyə biz keçəcəyik
26.02.2013 - 14:48
Marius Pena: Əminəm ki, növbəti mərhələyə biz keçəcəyik
"Çempionat çox gərgin keçir, son tura qədər ən azı 4 komanda ilk “altılığ”a düşmək üçün mübarizə aparır. Bu amil çempionatın gərgin və maraqlı keçməsindən xəbər verir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı”nın yeni transferi Marius Pena deyib.

Rumıniyalı futbolçu Topaz Premyer Liqasının XXI turunun “Simurq”la 0:0 hesabı ilə başa çatan qarşılaşmasının 90+3-cü dəqiqəsində penaltidən yararlana bilmədiyinə görə çox məyusdur. Pena klubun saytına verdiyi açıqlamada bu səhvi üçün hamıdan üzr istəyib: "Bakı"nın heyətində 4 oyun keçirmişəm, iki dəfə fərqlənmişəm və bu mənim üçün yaxşı haldır. Təəssüflər olsun ki, sonuncu oyunda penaltidən yararlana bilmədim və buna görə komanda yoldaşlarım, baş məşqçi, rəhbərlik və azarkeşlərimizdən üzr istəyirəm. Həmin oyunda qalib gəlsəydik, indi vəziyyətimiz tam başqa olardı. Ancaq bu futboldur, kiminsə belə hadisələrdən sığortası yoxdur. Çalışacağam ki, növbəti oyunlarda vurduğum qollarla onları sevindirim".

Legioner Azərbaycan kubokunun 1/4 final mərhələsinin “İnter”lə sabahkı oyunu haqda da fikirlərini açıqlayıb: “İnter” klubu barədə çox məlumatlı olmasam da, təkcə onu qeyd etmək kifayət edər ki, onlar çempionatın liderlərindən biridir. Bu da ondan xəbər verir ki, rəqib güclü və ciddi klubdur. Buna baxmayaraq, mən inanıram ki, biz bu oyunda qələbə qazanaraq 2-ci oyun öncəsi yaxşı nəticə əldə edəcəyik. Əminəm ki, növbəti mərhələyə biz keçəcəyik".
0