PFL hər ay jurnalistləri mükafatlandıracaq
27.02.2013 - 12:44
PFL hər ay jurnalistləri mükafatlandıracaq
“Çempionatda ayın ən yaxşı futbolçusu ilə bağlı mükafatlandırılma mərasimi yenidən keçiriləcək. Bu tədbir mart, aprel və may aylarında olacaq. Bundan əlavə, ayın ən gözəl qolunu müəyyənləşdirəcəyik”. Bu fikirləri apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

Musayevin 5-ci ildir rəhbərlik etdiyi qurum “Unibank”la əməkdaşlıq etdiyi zaman ayın ən yaxşı futbolçusunu mükafatlandırılırdı.

Cari mövsümdən Premyer Liqaya Topaz sponsorluq edir və bu müddətdə milli çempionat üçün önəmli hadisə baş verdi. Belə ki, “Bakı”nın kapitanı Elvin Məmmədovun “Neftçi”yə 1:2 hesabı ilə uduzduqları oyunda vurduğu qol milli çempionatımızın tarixinə 10000-ci qol kimi düşdü.

Musayev bildirib ki, hansısa uğura imza atanlar qiymətləndiriləcək: “Bildiyiniz kimi, həmin 10000-ci qol dekabrda vuruldu. Heç kim nəzərdən qaçmır. Hər bir futbolçu layiq olduğu qiymətini, hədiyyəsini alacaq. Bizim jurnalistlərlə də bağlı fikrimiz var. Belə qərara gəldik ki, onlar da diqqətdən kənarda qalmasın. Aslan Şahgəldiyevin rəhbərlik etdiyi mətbuat xidməti yenilik elədi. Hər ay seçilən jurnalist mükafatlandırılacaq”.

Mehman SÜLEYMANOV