“Bakı” Zaqatalada məşqə çıxdı
30.03.2013 - 00:20
“Bakı” Zaqatalada məşqə çıxdı
Topaz Premyer Liqasının XXIV turunda “Simurq”un qonağı olacaq “Bakı” oyunun keçiriləcəyi Zaqatala şəhər stadionunda məşqə çıxıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, yüksək əhval-ruhiyyə şəraitində keçən məşq, təəssüf ki, itkisiz ötüşməyib.

Komandanın ispaniyalı hücumçusu Mario Martinez Rubio əzələsini dartaraq sıradan çıxıb. Onun sabahkı oyunda meydana çıxmayacağı qətiləşib.

Bu “zolaqlılar”ın tək itkisi deyil. Daha 5 futbolçu məşqə qatılmayıb. Milli komandanın Portuqaliya ilə oyununda zədələnən Rauf Əliyevin sırasına, xəstələnən və hərarəti olan Cavid Hüseynov və Deyvidas Çesnauskis də qatılıblar.

Beləliklə, zədədən sonra bərpa dövrü keçən Vinston Parks və Novruz Məmmədovun siyahısına oyunu buraxmalı olacaq daha 3 futbolçu əlavə olunub. Ciddi itkilərlə baxmayaraq, “Bakı” bu turu 3 xalla başa vurmaq əzmindədir.

Qeyd edək ki, bu mövsüm rəqiblər arasında baş tutan hər iki qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Topaz Premyer Liqasının XXIV turunun “Simurq” – “Bakı” qarşılaşmasının start fiti 30 mart 2013-cü il tarixdə saat 17.00-da səslənəcək.