“Bir də gördüm ki, Stamenkoviç arxamca gəlir” - MÜSAHİBƏ
01.04.2013 - 13:01
“Bir də gördüm ki, Stamenkoviç arxamca gəlir” - MÜSAHİBƏ
“İnter” klubunun yarımmüdafiəçisi Asif Məmmədov Topaz Premyer Liqasının XXIV turunda “Neftçi”yə məğlub (0:1) olduqları görüşdən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb

- “Neftçi”yə yenə qalib gələ bilmədiz. Halbuki komandanız qələbə sayəsində lider olacaqdı...
- Hə, elədir. Təəssüf ki, imkanlarımız oldu, ancaq yararlana bilmədik. Bəzi epizodlarda bəxtimiz gətirmədi.

- Hər halda, əvvəlki görüşə baxdıqda, daha yaxşı oynadığınız hiss olunurdu...
- Mən də elə düşünürəm. Rəqibi yaxşı təhlil etmişdik. Ancaq standard vəziyyətdən buraxdığımız qolla uduzduq.

- Ümumiyyətlə, qarşılaşma qalmaqalla yadda qaldı. Əvvəl fanatlar meydançaya məşəl atdılar. Sizcə, bu nədən qaynaqlanırdı?
- “Neftçi” ilə oyunumuz paytaxt derbisi sayılır. Derbidə necə olmalıdır ki? Əksinə fanatlar arasında intriqanın olması, bir-birinə atmacalar atması qarşılaşmaya əlavə rəng qatır.

- Ancaq oyundan sonra futbolçuların mübahisə etməsi bu baxımdan yaxşı hal deyil...
- Razıyam.

- Gəlin, bir məsələyə aydınlıq gətirək. Siz doğrudanmı “Neftçi”nin qapıçısı Saşa Stamenkoviçin anasına söymüşdünüz?
- Vallah, Stamenkoviçin anasına söyməmişəm. Bu haqda yazılanlar doğru deyil. Mən o tərbiyənin sahibi deyiləm ki, kimsənin özünü yox, valideynini söyüm. Sadəcə, ona topu oyuna tez daxil etməsini demişəm.

- Başqa söyüş işlətməmisiz?
- Xeyr. Dediyim kimi, sadəcə, ona qışqırmışam və demişəm ki, topu oyuna tez daxil etsin.

- Elə qalmaqal sizin Stamenkoviçə qışqırmanızdan sonra başladı?
- Açığı, qalmaqalın nəyə görə böyüdüyünü bilmədim. Ancaq onu deyə bilərəm ki, matçın təxminən 85-ci dəqiqəsində Stamenkoviç Samir Zərgərovun da üzərinə şığımışdı. Heç onda da bilmədik ki, ona nə oldu ki belə etdi. Saşaya nə lazım idi, qələbə qazanmaq üçün vaxt uzatmaq. Topu bir neçə dəfə oyuna gec daxil etməklə buna nail oldu. Oyun vaxtı lüzumsuz hərəkətlər edirdi ki, qarşılaşmanın vaxtını alsın.

- Stamenkoviçin əl hərəkəti ilə göstərdiyi “oyundan sonra başını üzəcəm” işarəsi kimə ünvanlanmışdı: sizə, yoxsa İbrahima Niasseyə?
- Kimi nəzərdə tutduğunu mən də bilmədim. Mən meydançanı tərk etməyə çalışırdım. Bir də gördüm ki, Stamenkoviç arxamca gəlir. Ancaq futbolçular araya girdiyi üçün ciddi nəsə baş vermədi.

Səbuhi TOFİQOĞLU