“Simurq” itkilərlə üzləşdi
01.04.2013 - 13:12
“Simurq” itkilərlə üzləşdi
Ötən tur doğma azarkeşlər önündə "Bakı"ya minimal hesabla məğlub olan “Simurq” "Qəbələ" ilə oyunun hazırlıqlarına ara vermədən başlayıb. Apasport.az saytının məlumatına görə, dünən bir məşqə çıxan Georgi Çixradzenin yetirmələri qısa məsafəli qaçış və isinmə hərəkətlərindən sonra 2 qrupa bölünüb. Daha sonra əsas heyətdə qarşılaşmaya çıxan futbolçulara istirahət verilib, digərləri isə "kvadrat" və ikitərəfli oyunla hazırlığı tamamlayıb.

Bugündən isə "Simurq" 2 məşqlə hazırlığı davam etdirəcək. Səhər çalışmaları trenajor zalında keçirilib, axşam məşqi isə Zaqatala şəhər stadionunda baş tutacaq. Komandanın heyətində zədəli futbolçu olmasa da, vərəqə cəzalılarının çoxluğu "Qəbələ" ilə oyun öncəsi məşqçilər korpusunu çətin vəziyyətə salıb. Bosniyalı Mario Bojiç və Qərib İbrahimov son görüşdə 4-cü sarı vərəqəni aldıqlarından, növbəti turda meydana çıxa bilməyəcək. "Bakı" ilə qarşılaşmada dizindən zədə alan qapıçı David Petjkeviçin durumu isə qənaətbəxşdir. Polşalı əlcək ustası axşam məşqində iştirak edəcək.

Qeyd edək ki, "Qəbələ" - "Simurq" oyunu aprelin 5-də Qəbələ şəhər stadionunda keçiriləcək və qarşılaşma saat 16:00-da start götürəcək.