“Qalatasaray” üçün REAL təhlükə
01.04.2013 - 17:15
“Qalatasaray” üçün REAL təhlükə
Sabah Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk görüşlərinə start veriləcək. Apasport.az saytının məlumatına görə, 1/8 final mərhələsindən fərqli, bu dəfə ilk oyunların hamısı eyni həftədə baş tutacaq. Bu mərhələdə İspaniyanın 3, Almaniyanın 2, İtaliya, Fransa və Türkiyənin 1 klubu mübarizə aparır.

Çərşənbə axşamı baş tutacaq 2 qarşılaşmadan biri Fransa, digəri Almaniyada keçiriləcək. Bu matçlardan daha çox maraq kəsb edəni Parisdə olacaq. Burada yerli PSJ İspaniya “Barselona”sını qəbul edəcək. Heyətinə qatdığı ulduzlarla yenidən Avropanın güclüləri sırasına qayıdan fransalılar növbəti titul iddiasında olan kataloniyalıları yenməyə çalışacaqlar. Yarışın qalibi olmağa digər iddialı – “Bavariya” isə öz meydanında oynayacaq. Almaniya təmsilçisinin rəqibi uzun fasilədən sonra nəhənglər sırasına qayıdan “Yuventus”dur.

Azərbaycanda futbolsevərlərin diqqəti daha çox ikinci oyun gününə yönələcək. Belə ki, qonşu Türkiyənin bu turnirdə mübarizəni davam etdirən yeganə təmsilçisi “Qalatasaray” çərşənbə günü meydana çıxacaq. İstanbul təmsilçisi dünyanın ən güclü klublarından biri “Real”ın qonağı olacaq.

İspaniya çempionatında tituldan əlini üzən Madrid təmsilçisi bütün diqqətini bu yarışa yönəltdiyindən cütün taleyini evdə həll etməyə çalışacaq. Digər matçda isə turnirin sürpriz komandası “Malaqa” “Borussiya”nı qəbul edəcək. Hər 2 komanda öz ölkəsində çempionluq iddiasından uzaq düşdüyü üçün titul qazanmaq arzularını burada gerçəkləşdirmək üçün növbəti addım atmağa cəhd edəcək.

1/4 final, ilk oyunlar
2 aprel


PSJ (Fransa) - “Barselona” (İspaniya)
“Bavariya” (Almaniya) – “Yuventus” (İtaliya)

3 aprel
“Malaqa” (İspaniya) – “Borussiya” (Almaniya)
“Real” (İspaniya) – “Qalatasaray” (Türkiyə)