“Vilanova skamyada olacaq”
02.04.2013 - 04:07
“Vilanova skamyada olacaq”
Çempionlar Liqasının 1/4 final mərhələsində PSJ ilə qarşılaşacaq olan “Barselona”nın baş məşqçisi Tito Vilanovanın köməkçisi Xordi Roura matçdan öncə mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, yardımçı çalışdırıcı Parisdə onları yaxşı oyunçular və əla komanda ilə döyüşün gözlədiyini bildirib.

Roura xüsusilə PSJ-nin təhlükəli futbolçularını qiymətləndirib: “Bizim üçün yarışın bu mərhələsinə çatmaq önəmlidir. Burada olduğumuz üçün şadıq. Parisdə yaxşı oyunçular və əla komanda ilə döyüş bizi gözləyir. Belələri, Pastore, Lavessi kimiləridir. Bizdən hər kəs qələbə tələb edir. PSJ hücumlarda sürətlidir. Həmçinin hava mübarizəsində də. Xüsusilə Zlatan İbrahimoviç və Tyaqo Silva. Amma bu yalnız mümkün variantlardan ikisidir”.

O, komandanın baş məşqçisi Tito Vilanovanın onlarla birgə skamyada olacağını vurğulayıb: “Xordi Alba və Xavinin zədələri var. Amma bərpa prosesləri normal keçir. Ötən həftənin sonunda onlar istirahət edirdilər. Start heyəti isə son məşqdən sonra matç günündə bəlli olacaq. Bəli, Tito Vilanova skamyada olacaq. O, bizim bossumuzdur. Biz çox şadıq ki, o qayıtdı”.

Qeyd edək ki, Paris və Kataloniya klubları arasında ilk matç bu gün baş tutacaq.