Con Toşak 41-ci oldu
02.04.2013 - 14:06
Con Toşak 41-ci oldu
Topaz Premyer Liqasının XXIV turu “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşakın Azərbaycanda debütü ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, AZAL-la ev oyununda qələbə qazana bilməyən (1:1) cənubluların uelsli çalışdırıcısına qədər 40 legioner mütəxəssis milli çempionatımızda meydana komanda çıxarmışdı. Onların bəziləri baş məşqçi, bəziləri isə istefaya göndərilən çalışdırıcını əvəzləyicisi kimi iş başında olub. Toşak bu siyahıya 41-ci məşqçi kimi düşüb.

64 yaşlı mütəxəssis ölkəmizdə çalışan ilk uelsli olub. Bunadək daha 17 ölkə təmsilçisi Azərbaycan çempionatında iş başında olub: Türkiyə - 10, Ukrayna – 7, Gürcüstan – 4, Almaniya, Serbiya – hərəsi 3, Bosniya və Herseqovina - 2, Çexiya, Əlcəzair, İngiltərə, Latviya, Litva, Makedoniya, Moldova, Rumıniya, Rusiya, Xorvatiya, İspaniya – hərəsi 1. Uels bu siyahıda 18-ci olub.

Toşaka qədər 2 klub daha çox – hərəyə 6 əcnəbi baş məşqçiyə güvənmişdi. “Bakı” ilə şərikli rekordun sahibi olan “Xəzər Lənkəran”ın tarixində 7-ci əcnəbi olan uelsli komandasının bu göstəricidə 1-ci olmasına töhfə verdi. Toşaka qədər onun komandasında Rasim Kara, Şenol Fidan, Viktor Pasulko, Mirça Rednik, Cüneyt Bişər və Karles Martorell də çalışmışdı. Digər klublar isə əcnəbi məşqçi sayında “Xəzər Lənkəran”dan geri qalır: “Xəzər Lənkəran” - 7, “Bakı” - 6, “İnter”, “Simurq” – hərəsi 4, “Gənclərbirliyi” , “Neftçi”, “Standard”, “Turan” – hərəsi 3, “Muğan”, AZAL, “Qəbələ”, “Rəvan” – hərəsi 2, “Karvan”, “Masallı”, “MKT-Araz”, “Qarabağ”, “Sumqayıt” – hərəsi 1.

Qeyd edək ki, 5 mütəxəssis – Kaxaber Sxadadze, Cüneyt Biçər, Rasim Kara, Qyoko Hacıyevski və Kemal Alispahiç Premyer Liqada 2 klubda çalışıb.