“Neftçi”dən “Neftçi”yədək
02.04.2013 - 15:25
“Neftçi”dən “Neftçi”yədək
“İnter” cari mövsümdə ilk ev məğlubiyyətini alıb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XXIV turunda “Neftçi”yə 0:1 hesabı ilə uduzan Kaxaber Sxadadzenin yetirmələri martın 30-da baş tutan həmin oyunadək öz meydanında uduzmayan yeganə komanda idi. Bu nəticədən sonra cari mövsüm evdə yenilməyən Premyer Liqa klubu qalmayıb.

“İnter” isə öz meydanında 15 məğlubiyyətsiz oyundan sonra uduzub. Bakılılar sonuncu dəfə evdə ötən il martın 18-də yenilmişdi. Maraqlıdır ki, indi olduğu kimi həmin vaxt da final mərhələsinin – ilk “altılığ”ın 1-ci ev oyununda “İnter”i “Neftçi” məyus etmişdi. Böyükağa Hacıyevin yetirmələri 375 gün əvvəl rəqibini 2:1 hesabı ilə udmuşdu.

Ardıcıl 15 ev matçında uduzmayan bakılılar bu müddətdə 9 qələbə qazanıb və 6 heç-heçə edib. Yenilməzlik dövründə Sxadadzenin yetirmələri 24 qol vurub və 12-ni buraxıb.

Bu seriya evdəki oyunlar üçün “İnter”in 4-cü uzun seriyasıdır. Bunadək bakılılar ayrı-ayrı vaxtlarda 31, 22 və 19 oyunluq öz meydanında yenilməzliyə malik olub.

Qeyd edək ki, evdə uduzmamaq üzrə Azərbaycan rekordu “Neftçi”yə məxsusdur. 1992-1996-cı illərdə ardıcıl 57 ev matçında (texniki nəticələr nəzərə alınmır) yenilməyən flaqmanın bu rekordu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən də tanınıb. “Ağ-qaralar”la yanaşı 54 matçlıq seriyası olan “Turan” da dünya klublarının ən uzun ev məğlubiyyətsizliyi siyahısına daxil olub. İFFHS-in martın 21-də açıqladığı ilkin siyahıda “Neftçi” 16-cı, “Turan” 19-cu idi.