“Neftçi”ni məğlub etsək, iddiamız çox güclənəcək”
02.04.2013 - 15:43
“Neftçi”ni məğlub etsək, iddiamız çox güclənəcək”
“Bəxtsizlikdən “Qarabağ”a qoşulan kimi zədələndim. Hardasa 2 ay meydandan kənarda qaldım. Komanda yoldaşlarım, məşqçilər, futbolçular daim mənə dəstək oldular”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Kristian Torres deyib.

Ağdam təmsilçisinin tarixinə ilk argentinalı legioner kimi düşən yarımmüdafiəçi komandadakı debütündən danışıb. O, “Qarabağ”ın formasında ilk olaraq sabiq komandası “Qəbələ”yə qarşı oyunda həyəcanlandığını deyib: “Qəbələ” ilə vacib görüşdə start heyətində meydana çıxmağım bir qədər həyəcanverici olsa da, oyunun gedişində tezliklə bu problemi aradan qalxdı. Sevindirici haldır ki, qələbə qazana bildik. Uşaqlarla sona qədər mübarizə aparaq lazımı nəticəni qazana bildik”.

Torres klubunun rəsmi saytına açıqlamasında aprelin 5-də qarşılaşacaqları “Neftçi” ilə görüşə də münasibət bildirib: “Ağ-qaralar” olduqca yaxşı futbol oynayır. Amma bizim də hədəfimiz bəllidi. “Neftçi”ni məğlub etsək, iddiamız çox güclənəcək. Qələbə onlardan çox bizim üçün vacibdir. 3 xal aradakı fərqin 3-ə qədər azalması deməkdir. “Neftçi” ilə oyunda meydanda olmaq istərdim. Amma buna baş məşqçimiz qərar verir. Komandamızda hər mövqedə inanılmaz rəqabət var. Bu, şübhəsiz, komandamızın xeyrinədir. İnanırıq ki, sonda istədiyimiz nəticəni qazana bilərik. Bizim buna potensialımız çatır”.

Qeyd edək ki, “Qarabağ” Topaz Premyer Liqasının hesabat turunda “Qəbələ”yə 1:0 hesabı ilə qalib gəlmişdi.