Valentin Xodukin: Daha çox uşaq idmana, futbola cəlb olunur
02.04.2013 - 20:00
Valentin Xodukin: Daha çox uşaq idmana, futbola cəlb olunur
“Məlum olduğu kimi, 2016-cı ildə Azərbaycanda U-17 milli komandaları üçün Avropa çempionatı keçiriləcək. Bizim məqsədimiz yığma komanda üçün ehtiyat futbolçular hazırlamaqdır. Biz futbolçularımızın səviyyəsini yoxlamaq və bununla da milli komandaya kömək etmək istəyirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter” Uşaq Gənclər Futbol Məktəbinin inkişaf layihəsinin rəhbəri Valentin Xodukin deyib.

Ukraynalı mütəxəssis Bakıda sayca ikinci dəfə keçiriləcək İBAR CUP turniri barədə fikirlərini “İnter”in rəsmi saytına bölüşüb: “Bundan başqa, bu turnir Avropanın müxtəlif ölkələrinin futbolçularının hansı oyun tərzinə üstünlük verdiklərini izləmək üçün də böyük imkandır. Turnirin coğrafiyası kifayət qədər genişdir, burada Avropanın qərb, şimal və şərq bölgələrindən olan komandalar var. Biz çox şeyin şahidi olacağıq və bu klublardan nəsə öyrənəcəyik və öz işimizdə tətbiq etməyə çalışacağıq”.

Xodukin onu da bildirib ki, belə turnirlər uşaqların futbola və sağlam həyat tərzinə cəlb olunmalarında böyük rol oynayır: “Azərbaycan Beynəlxalq Bankın əsas funksiyalarından biri ölkənin ictimai həyatında fəal iştirak etməkdən ibarətdir. Beləliklə, daha çox uşaq idmana, futbola cəlb olunur. Mən hesab edirəm ki, belə turnirlər uşaqların futbola və sağlam həyat tərzinə cəlb olunmalarında böyük rol oynayır. Xoşdur ki, turnir daimi status aldı. Etiraf edim ki, biz Avropanın bir çox klubuna müraciət etmişik və turnirdə iştirak etmək istəyənlərin sayı çoxdur. Ötənilki turnir kifayət qədər uğurlu oldu. Düşünürəm ki, bizim turnir futbolsevərlər üçün yaxşı hədiyyə olacaq”.