“Xəzər Lənkəran”da ilk ispaniyalı
02.04.2013 - 23:00
 “Xəzər Lənkəran”da ilk ispaniyalı
Alvaro Silva “Xəzər Lənkəran”ın tarixində qol sevinci yaşayan ilk ispaniyalı olub. Apasport.az saytının xəbərinə görə, Topaz Premyer Liqasının XXIV turunun AZAL-la oyununda qol hesabını açan müdafiəçiyədək onun heç bir həmyerlisi "ağ-yaşıllar"ın heyətində qol sevinci yaşamamışdı.

Ümumilikdə isə Alvaro klub tarixində rəqib qapısına yol tapan 81-ci futbolçu oldu. Bu 81 oyunçudan başqa daha 7 rəqib futbolçu öz qapısına qol vurub. “Xəzər Lənkəran”ın qol vuran oyunçularına gəlincə isə onların 29-u yerli, 52-si əcnəbi futbolçudur.

Milliləşənləri də nəzərə almaqla ilk ispaniyalıya qədər fərqlənən 51 legioner 21 ölkəni təmsil edirdi: Rumıniya – 12, Braziliya – 8, Türkiyə - 5, Bolqarıstan – 4, Portuqaliya, Kosta Rika, Argentina, Albaniya, Serbiya – hərəsindən 2, Nigeriya, Moldova, Mali, Kolumbiya, Honduras, Fransa, Fil Dişi Sahili, Almaniya, Xorvatiya, Sloveniya, Syerra Leone, Yunanıstan – hərəsindən 1. İspaniya bu siyahıda 22-ci ölkə oldu.

Qeyd edək ki, “Xəzər Lənkəran”da qol vuran 81 oyunçudan 74-ü Premyer Liqa matçlarında fərqlənib.

Mənbə: lankaranfc.com