Biabırçılığa görə qonaqlıq
02.04.2013 - 23:46
Biabırçılığa görə qonaqlıq
Ötən həftə "Bavariya"ya 2:9 hesabı ilə məğlub olan "Hamburq" özünü azarkeşlərə bağışlatdırmaq üçün maraqlı üsula əl atıb. Tarixinin ən böyük fiaskolarından birini yaşayan komanda tərəfdarlardan üzr istəmək üçün onlara açıq havada manqal qonaqlığı verəcək.

Aprelin 21-də baş tutacaq məclis zamanı bütün heyət orada olacaq və azarkeşlərlə görüşəcək. Yığıncağın bütün xərclərini futbolçular özü qarşılayacaq. "Hamburq"un qapıçısı Rene Adlerin fikirlərinə baxaq: "Bavariya" ilə oyundakı nəticəyə görə tərəfdarlarımızdan üzr istəyirik. Onlarla bir araya gələrək həm də suallarını cavablandıracağıq".

Yeri gəlmişkən, "Hamburq"un prezidenti Karl Edqar Yarkov sözügedən məğlubiyyətdən sonra baş məşqçi Torsten Finkin postunda heç bir dəyişiklik olmayacağını da dilə gətirib: "Bu məğlubiyyəti asanlıqla unutmayacağıq, çünki imicimiz çox zədələndi. Amma günah təkcə məşqçimizdə deyil. Ona sonsuz inamım var".