“Qalatasaray” darmadağın oldu
04.04.2013 - 00:35
“Qalatasaray” darmadağın oldu
UEFA Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsində ilk oyunlara yekun vurulub. Apasport.az saytının məlumatına görə, son 2 matç İspaniyada keçirilib.

Burada azərbaycanlı futbolsevərlər üçün əsas diqqət Madridə yönəlmişdi. Çünki qardaş Türkiyənin turnirdə yeganə təmsilçisi olan “Qalatasaray” aşkar favorit olan “Real”la səfərdə münasibətlərinə aydınlıq gətirəcəkdi. “Cim-Bom” hazırda çox güclü olan “Real”a “Santyaqo Bernabeu”da inamla qalib gəlmək və cavab oyununu formallığa çevirmək niyyətində idi.

Lakin “Kral klubu” güclü olduğunu bir daha sübut edib. Belə ki, madridlilər əvvəlcə Ronaldo ilə hesabı açıb və qoldan 20 dəqiqə sonra isə Benzama ilə fərqi artırıb. Fasiləyə məğlub durumda yollanan İstanbul təmsilçisi ikinci hissədə yenə mərkəzdən başlamağa məcbur olub – 3:0.

Malaqada isə şəhərin eyniadlı təmsilçisini Almaniyada son 2 mövsümün çempionu olan “Borussiya” ilə heç də asan olmayan sınaq gözləyirdi. Düzdür, “Malaqa” turnirin debütantı olsa da, qrup qalibi kimi pley-offa çıxıb və evdə adətən yenilməzdir. Dortmundlular isə finala doğru irəliləmək iddiasını sürdürərək, səfərdə də yaxşı təsir bağışlayırlar.

Matçda İspaniya klubu bu dəfə rəqibini məğlub etməsə də, yenə uduzmayıb. Gərgin mübarizə şəraitində keçən oyunda qalib müəyyənləşməyib. Görüş 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Beləliklə, “Real” cavab matçı öncəsi İstanbula böyük üstünlüklə yollanacaq. “Malaqa”nın işi Almaniyada bir qədər çətin olacaq.

1/4 final, ilk oyunlar
2 aprel


PSJ (Fransa) - “Barselona” (İspaniya) - 2:2
Qollar: İbrahimoviç, 79; Matyuydi, 90 - Messi, 38; Xavi, 89 (pen)
Baş hakim: Volfqanq Ştark (Almaniya)

“Bavariya” (Almaniya) – “Yuventus” (İtaliya) - 2:0
Qollar: Alaba, 1; Müller, 63
Baş hakim: Mark Klattemburq (İngiltərə)

3 aprel
“Malaqa” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) - 0:0

“Real” (İspaniya) – “Qalatasaray” (Türkiyə) - 3:0
Qol: Ronaldo, 9, Benzema, 29, İquain, 73