Ramiz Məmmədovun əvəzləyicisi danışmaq istəmir
03.04.2013 - 10:59
Ramiz Məmmədovun əvəzləyicisi danışmaq istəmir
“Qəbələ”də yeni təyinatım haqda hələ danışmaq istəmirəm. İşə yeni başlamışam. Ancaq onu deyə bilərəm ki, əvəzedici komandada işimi davam etdirəcək məşqçini artıq müəyyənləşdirmişik”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin baş məşqçi əvəzi Luis Araqon deyib.

Əvəzediciləri çalışdıran ispaniyalı mütəxəssis Ramiz Məmmədovun istefasından sonra müvəqqəti əsas komandanın baş məşqçisi postuna gətirilib. Belə olan halda, əvəzedicilərə kimin rəhbərlik edəcəyi sual doğururdu.

Buna aydınlıq gətirən Araqon xələfinin adını açıqlayıb: “Mənim yoxluğumda əvəzediciləri növbəti oyunlara köməkçim Elnur Çodarov çıxaracaq. Onunla birgə işlədiyim vaxtdan yaxşı tanıyıram, işinə bələdəm. Strategiyamız, iş metodikamız əvvəlki kimi qalır”.

Ötən yay “Qəbələ”yə gələnə kimi “Barselona”nın Futbol Məktəbində texniki direktor olan Araqonun sözlərinə görə, əvəzedici heyəti də diqqətdə saxlayıb, bir müddət ümumi nəzarəti həyata keçirəcək.

Qeyd edək ki, 31 yaşlı Çodarov 2011-ci ildən, hələ Toni Adams “Qəbələ”nin baş məşqçisi olan vaxtda onun dəvəti ilə əvəzedicilərdə məşqçi işləyir.